Ümidli  PROQNOZ

İqtisadiyyat 13:22 / 25.07.2025 Baxış sayı: 716

“İşğaldan azad edilən ərazilərdə 100 min hektardan çox sahədə buğda, qarğıdalı əkilir, dənli-paxlalı bitkilər yetişdirilir. Statistika göstərir ki, 600 min hektara yaxın torpaq sahəsi minalardan təmizlənib və tez bir zamanda əkin dövriyəsinə daxil olacaq”.

Yenises.az  bildirir  ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.                                                                                                               

O qeyd edib ki, digər tərəfdən həmin ərazilərə arı ailələri və mal-qara köçürülür: “Əlbəttə ki, bütün bunlar kənd təsərrüfatı, istehsal və eyni zamanda ərzaq təhlükəsizliyi üçün çox vacibdir. 100 min hektarlarla torpaq əkin dövriyəsinə daxil olacaq və sözsüz orada pambıq əkiləcək, taxıl əkiləcək, digər kənd təsərrüfatı məhsulları yetirşdiriləcək”.

T.Rzayev söyləyib ki, azad olunmuş ərazilər yüksək kənd təsərrüfatı potensialına malikdir: “Qarabağ torpaqları çox məhsuldardır və orada üzüm, pambıq, taxıl sahəsində yüksək məhsuldarlıq əldə olunub. Digər tərəfdən dağlıq rayonlar heyvandarlığın inkişafı üçün çox əhəmiyyətlidir. Bu da ət, süd, yumurta məhsullarına olan tələbatın ödənilməsi üçün vacib şərtdir. Eyni zamanda həmin ərazilərdə su anbarları inşa olunur, balıqçılığın inkişafı üçün geniş imkanlar var. Azad olunmuş ərazilər aqrar sektorun inkişafına yeni bir təkan verəcək, kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına şərait yaradacaq. Həm də o regionlar turizm üçün çox faydalı ərazilərdir. O ərazilərə turistlərin axını kənd təsərrüfatı məhsullarının satışını da artıracaq”.

“Həmin ərazilərdə eyni zamanda torpaq sahələri sahibkarlara icarəyə verilib ki, kənd təsərrüfatı məhsulları yetişdirsinlər. Əlbəttə ki, bu da bazarda qiymətlərin azalmasına səbəb olacaq. Hesab edirəm ki, bir neçə ildən sonra işğaldan azad edilmiş ərazilər kənd təsərrüfatının inkşafında mühüm rol oynamaqla bərabər həm də qiymətlərin aşağı düşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək”- komitə sədri qeyd edib.