Gülnar Ümid -Getmək istəyirəm...
Özümə tüpürüb getmək istəyirəm qəzəbin yandırdığı sükutun çuxuruna...
Ayaqlarımın altında yumşalan torpaq addımlarımı udur,
keçmişi çağırmaqdan yorulur getdikcə.
Dodaqlarımdan çıxan hər nəfəs
bir peşmanlığın kölgəsini daşıyır,
amma yenə də tükənmək ümidin məzarına göz dikir.
Özümə tüpürmək istəyirəm,
bəlkə də yenidən doğulmaq üçün...
Köhnə dərimi atıb başqa bir nəfəsə çevrilmək kimi...
Çirkab dediklərim sən demə çirk deyilmiş,
bəzən sadəcə yuyulmamış xatirələrin kənara atılmış qırıntılarıymış.
Getmək istəyirəm,
amma hər getdikcə yol azıb özümə qayıdıram...