Ramiz  Qusarçaylı - Təbrizə yağış yağır

Ədəbiyyat 11:11 / 17.11.2025 Baxış sayı: 971

Çoxdandı sənsizəm, Təbrizim...

 

 

Təbrizə yağış yağır,

Yuyur güllü otları.

Öpüşür bir-biriylə

Ürəyimin çatları.

 

Bu yağışlı gecənin

Qoxusu var,-

sapsarı.

Göylər çəkir canına

İslanan işıqları...

 

İslanan işıqların

Nəmdən keçir hər simi.

Gümanım pərişandı

Gülsüz “Gülüstan” kimi.

 

Urmu cadar-cadardı,

Yanır duz dağlarından.

Tanrı öpür gizlicə

Duzlu dodaqlarından.

 

Dolub Qarı körpüsü

Qəmin qara meyindən.

Acı çəkir Acı çay

Acı şirinliyindən...

 

Ümidim göy üzündən

Üzülür mələk-mələk.

Ovuldum ovum-ovum

Kəndovanın bağrı tək.

 

Şah gölü göz yaşının

Göllənir lal yerində.

Ovunuram ahımla

Dərdimin bal yerində.

 

Göy bulud göydən qərib

Ağ duman ağ tül üstə.

Yarpaq öpür yarpağı,

Gül sərilir gül üstə.

 

Təbrizə yağış yağır,

Yuyur güllü otları.

Öpüşür bir-biriylə

Ürəyimin çatları.