Şakir Xanhüseyn - TÜND ŞƏRAB

Ədəbiyyat 09:30 / 17.11.2025 Baxış sayı: 975

 

...Səsin quyudan çıxır,

o kimdi bir deyincə min bir oyundan çıxır,

hər kəs ağzına su alandan

elə çoxdanışan olub ki...

Pəncərənin tül pərdəsində uşaq əli kimi

titrəyən bir parça işıqda qaldı gözüm,

kiminsə sağ çıxma ehtimalı yox

bu ömür bataqlığından...

Şübhələrini qoy bir kənara,

ümidlə ümidsizliyə yol açdığını

gözəl anlayıram,

gözlərinin ovsunuyla ovunsam,

kirpiklərinin ucundakı mirvariləri yığmağa

baxışlarımı yolçu edəcəyəm

sənin əbədi olan bir anlıq sevginə...

Quraqlıq leysanı başlayır tez-tez,

bilirsən, üstünə gələn

daş seli- daş axını necə qorxuncdu?

Əllərini daraqla boynunun ardında,

yatağın tikanlarla donatılmış,

minillik yuxunu

burda yiyəsiz qoyub getməklə

nə düşünürsən e, xanəsi xərab,

al, sənə

bir şeir sunum- bir piyalə tünd şərab!..