TÜRKİYƏ - İlqar Türkoğlu
Atatürküm-böyük türkün ad-sanı,
Savaşların, hünərlərin dastanı.
Ulusumun tarixini yaz, tanı,
Bir yol gedir dünya boyda bir köyə
Sən and yerim, ümid yerim, Türkiyə!
Qüdrətlidi, şöhrətlidi əzəlin,
Dayağındı yüz ulusun, yüz elin.
Qutlu olsun, bu möhtəşəm "100" ilin,
Bələnmisən milyon-milyon sevgiyə.
Sən and yerim, ümid yerim, Türkiyə!
Haray çəkdi səfi bəlli ərənlər,
Sinəsini düşmənlərə gərənlər.
Öpmək istər hilalımı görənlər,
Səmalarda dalğalandı hürr deyə.
Sən and yerim, ümid yerim, Türkiyə!
Ayrı düşdük, çox qatdılar aranı,
Dur ayağa, özün sarı yaranı.
Quracaqsan bu gün-sabah Turanı,
Göylər oğlu, var ulduza, var göyə
Yerə dayaq, göyə dayaq Türkiyə!
Türk oğlunun hər məqamda üzü bir,
Ocağı bir, alovu bir, közü bir.
Amalı bir, əməli bir sözü bir,
Bir kök üstə ucalmışıq biz göyə,
Sən and yerim, ümid yerim, Türkiyə!
Atatürkdən əmanətsən bizlərə,
İşığından nur ələnir gözlərə.
"Çanaqqalam, salam olsun sizlərə"!
İgidlərin savaşlarda bərkiyər.
Sən and yerim, ümid yerim, Türkiyə!
Türkoğluyam, yaranışdan var adım,
Tariximi vərəq-vərəq aradım.
Müqəddəsdir Turan-arzum, muradım,
Çox az qalıb Təbrizimi görməyə.
Sən and yerim, ümid yerim, Türkiyə!