Məmməd Qədir - Yığır

Ədəbiyyat 13:40 / 16.02.2026 Baxış sayı: 492

 

Səni hansı şeirə büküm, deyəsən,

Fələk alındakı yazını yığır!

O qədər işvə, naz səpələmisən,

Sair bir ömürdü nazını yığır!

 

Soruşan da yoxdu, kimdi, nəçidi,

Gizlənmək də olmur, ürək içidir,

Fağır kirpiklərim süpürgəçidir,

Gözlərim yollardan tozunu yığır!

 

Ovxarlı ürəyim kütləşib gedir,

Dərdi-sər içimdə cütləşib gedir,

Şipşirin həyatım sitləşib gedir,

Dərdlərin sözümün duzunu yığır!

 

Ha dilə tuturam söz də naz edir,

Ürəklər yorulub, göz də naz edir,

Allaha qurbanam, elə düz edir,

Sevgisiz ömürdən ruzunu yığır!

 

Məmməd, elə dərddə boy atır şair,

Qışdı, Günəş göydə tez yatır, şair,

Yığısdır köçünü, gün batır, şair,

Bax, çoban sonuncu quzunu yığır!