Kamala Abiyeva Aydın Qızı· -MƏNƏ NAĞIL DANIŞ
Mənə nağıl danış,nağıl,ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz,kədərsiz.
Mənə nağıl danış,eybi yox,ana,
Düşmənlər, xainlər olur qoy olsun.
Ağ atlı oğlanlar girib meydana,
Təki düşmənlərə qələbə çalsın.
Çəkib qılıncını qorxmaz igidlər
yağı qoşunuyla üz-üzə gəlsin.
Qorusun yurdunu,sonunda ellər
qırx gün şadlıq etsin,sevinsin,gülsün.
Mənə nağıl danış,nağıl,nə olar,
Gecənin sükutu məni sıxmasın.
O SİMURQ quşunu çağır nə olar
İşıqlı dünyaya məni aparsın.
Divlər gözəlləri assın saçından,
Quyuya atsınlar Məlikməmmədi.
O da gözəlləri qurtarsın dardan,
Sonunda tanısın mərdi,namərdi.
Mənə nağıl danış,inanım sənə,
Qorxmayım ay ana,təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
Bilim qurtaracaq dünyanı şərdən.
Mənə nağıl danış,ay ana,de ki,
Ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın,
Nə qədər qorxulu olsa da belə.
Mənə nağıl danış,nağıl,ay ana,
Bənzət dünyamızı nağıllara sən.
Mənə nağıl danış,ay nağıl anam,
Bir az nağıllanım-ağıllanım mən.