Ay Bəniz Əliyar - BELƏ DƏ OLUR
Hərdən belə də olur,
Yanımdan ötüşürəm.
Özümdən qırılanda,
Öz dibimə düşürəm.
Eh, özüməm, nə olsun,
Öz halımı bilirəm.
Özümü görəndə də,
Lap görməzdən gəlirəm.
Çıxmışam budağıma,
Gözüm, könlüm çəkilir.
Çırpıram qollarımı,
Barmaqlarım tökülür.
Qoparıb bir əlimi,
Başım altda qoyuram.
Balta çəkib üstümə,
Özümü budayıram.
Hərdən belə də olur,
Yanımdan ötüşürəm.
Özümdən qırılanda,
Öz dibimə düşürəm.