Bəhram Bilaloğlu - Mənəviyyatın simfoniyası

YAZARLAR 15:29 / 15.02.2026 Baxış sayı: 411

 

Mənəviyyat hər kəsin dilində ola bilər, amma hər kəsin qəlbində olmaz. O, öyrədilən bir dərs deyil, yaşanılan bir haldır,hadisədir.İnsan bəzən illərlə oxuyar, öyrənər, danışar – amma daxilində bir işıq yanmaz. Çünki mənəviyyat sözlə deyil, vicdanla formalaşır.

Təbii olan isə budur hər şüur bu yükü daşıya bilmir. Daşısa belə, nəfs çox vaxt onun qarşısını kəsir. Nəfs görünmək istəyir, alqışlanmaq istəyir, yaxşılığı belə öz adına yazmaq onun simfoniyasıdır. İnsan yaxşılıq edərkən içində gizli bir hissi “məni görün” istəyi daşıyırsa orada mənəviyyat yaralanır,ruhunu sürgün edir, çünki həqiqi saflıq səssizlik içində zirvəyə ucalır.

Nəfsini cilovlamaq isə ayrı bir məsələdir, asan deyil. Bu, başqası ilə yox, insanın öz kölgəsi ilə savaşmasına gətirir çıxarır.Öz içindəki tələblərlə, ehtiraslarla, tərifə olan susuzluqla mübarizəsini davam etdirir.Bütün bunlara baxmayaraq insan hər dəfə bu istəklərin üzərindən sakitcə keçəndə, ruhunda bir az da yüngülləşir. Sanki içindəki tozlar silinir, aydınlıqlar artır.

Mənəvi zənginliyi zahirən görə bilməzsən, görünmür. Onun ölçüsü yoxdur, amma təsiri var. Belə insanlar çox danışmır, çox görünmür, amma varlıqları ilə rahatlıq yayırlar. Onların yanında insan özünü güvəndə hiss edir,ömrünə ömür qatır. Çünki onlar təmənna ilə yaxınlaşmır, hesabla dostluq etmir, maraq üçün deyil, mərhəmət üçün əl uzadırlar.

Təmənnasız xidmət göstərən insan əslində öz ruhuna xidmət edir. O bilir ki, yaxşılıq geri qayıtmaq üçün edilməz. Əgər geri qayıdarsa, bu artıq əlavə bir lütfdür. Amma əsas qazanc qəlbin rahatlığıdır. Gecə başını yastığa qoyanda vicdanının sakit qalması və aramlığa səbəb olur. Bu da bir nemətdir,

Belə insanlar seçilmiş kimi görünürlər. Amma onların seçilmişliyi möcüzədən deyil, seçimdən gəlir. Hər gün öz nəfsinə “yox” deməkdən, hər gün yaxşılığı seçməkdən, hər gün dürüst qalmaqdan. Ariflik məqamı da elə budur – həyatı dərinliklə görmək, insanı zahiri ilə yox, niyyəti ilə dəyərləndirmək.

Zaman dəyişir, dəyərlər qarışır, ölçülər itir. Amma mənəviyyatın bir meyarı var və dəyişmir,səmimiyyət. Səmimi olan insan gec-tez tanınır. Çünki saflıq gizlənə bilməz, necə ki, qaranlıq işığı udmur!

İnsan üçün ən böyük qələbə başqasını məğlub etmək deyil.Ən böyük qələbə öz nəfsini susdurmaq, içindəki təkəbbürü azaltmaq, yaxşılığı göstərməklə nümunəvi addımlar ataraq yaşamaqdır.

Mənəviyyat hər zaman səssiz danışır. Onu eşidənləri az olur , amma anlayanlar ı bilir: insanın həqiqi dəyəri sahib olduqlarında deyil, vaz keçə bildiklərindədir.Ona görə insan keçmişini xatirəyə çevirərək gələcəyə iri addımlarla can atır.

Və bəlkə də insanın ucalığı elə buradan başlayır –

özünü deyil, haqqı böyütməkdən ötrü,,