Qoca  Xalid - Kövşən iyi gəlir şeirlərimdən.

Ədəbiyyat 22:05 / 16.02.2026 Baxış sayı: 273

 

 

 

Bir  ŞAİR DƏ  tərk  etdi  bizi... Köçdü  TANRI  DƏRGAHINA...Ruhun ŞAD  OLSUN, QOCA  XALİD!..

 

 

Boyu balacadı sətrinə görə,

Bununçün kiməsə bir işi düşməz.

Mənim şeirlərim ətrinə görə−

Heç kəsin şeirilə dəyişik düşməz;

Kövşən iyi gəlir şeirlərimdən.

 

Ulu qaynaqlara bağlıdır kökü,

Di gəl ki, taleyi məni yandırır;

Hələlik birini özünə çəkib,

Yüzünün burnunu qıcıqlandırır−

Kövşən iyi gəlir şeirlərimdən.

 

Kəsir qabağımı küləklər bəzən,

Saçımdan yapışır, dizimə döyür.

İş elə gətirib, sevdiyim gözəl

Şeirimi oxuyub gözünü döyür;

Kövşən iyi gəlir şeirlərimdən.

 

Pərişan-pərişan susur çinar da,

Dərdini üzümə deyəmmir mənim.

Bəlkə kəndimizdə əkinçilər də −

Heç bircə misramı bəyənmir mənim;

Kövşən iyi gəlir şeirlərimdən.

 

Düşmən sevincini duydum uzaqdan,

Bezdim dinləməkdən dost gileyini...

Süni ətirlərin artdığı vaxtda

Sevən olacaqmı kövşən iyini?−

Kövşən iyi gəlir şeirlərimdən.