Elnur Uğur Abdiyev - Ayağına daş dəydikdə

Ədəbiyyat 21:16 / 15.03.2026 Baxış sayı: 268

Ayağına daş dəydikdə

O daşı oxşamaqdan başlayır Vətənə sevgi.

Tikanın gülünü duya bilməkdən,

Gülün tikanının bədəninə batdığında

Ağrımaqdan yox,

Ağrını unuda bilməkdən başlayır Vətənə sevgi.

Bütün başlanğıclar əslində sonudur bir həqiqətin,

Sərhədlər kimi.

Vətənə sevgi təkcə sərhədləri qorumaqdan deyil,

Özünü sərhəd edə bilməkdən başlayır.

Hər ürəkdə bir sevgi yaşayır,

O sevgi Vətəni olmayanda yetimləşir.

Hər kəsin içində sevgisi özüylə güləşir.

O sevgiyə məğlubiyyətdən başlayır zəfərin.

Hamımız sevgimizə yenilmiş ərləriyik

Bu Ana Vətənin.