Tahir Rzayev, millət  vəkili : - Başda Fransa olmaqla bəzi dövlətlər bu dəhlizin açılmasına maneə  olurlar

SİYASƏT 19:57 / 29.11.2024 Baxış sayı: 2423

ahir Rzayev: “İnsanların rahatlığını təmin edəcək və ölkəmizə külli miqdarda vəsait cəlb olunacaq"
 
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi   başlanıldı. Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev   qeyd  edib ki: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır". 

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. 

Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Bu gün iqtisadçılar,  ekspertlər, millət vəkilləri də Zəngəzur dəhlizinin böyük iqtisadi əhəmiyyətə malik olduğunu deyirlər. 

Bu  məsələyə münasibət bildirən  Millət vəkili Tahir Rzayev   bildirib ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasındadır: 

"Sözsüz ki, bu uğurların qazanılması, beynəlxalq əlaqələrin gündən-günə möhkəmləndirilməsi və genişləndirilməsi çox mühüm layihələrin həyata keçirilməsi ilə əlaqədardır. Şərqi Zəngəzur dəhlizi də beynəlxalq əhəmiyyətli bir nəqliyyat layihəsidir. Bu dəhlizin açılması nəinki Azərbaycan, region dövlətləri, eləcə də dünya üçün çox vacib və dəyərlidir.

Dəhlizin açılması Avropa ölkələri ilə dünya ölkələrinin nəqliyyat əlaqələrinin genişləndirilməsinə, vaxtdan səmərəli istifadə olunmasına, məsafənin azaldılmasına, yüklərin tez bir zamanda mənzilə çatdırılmasına imkan verəcək. Əlbəttə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var. Bu dəhlizdən bir çox ölkələrlə bərabər Azərbaycan da müəyyən gəlir əldə edəcək”. 

Millət  vəkili onu da   qeyd edib ki,  , dəhliz nəinki iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir:

“Çünki bu region dövlətləri üçün eləcə də qonşu dövlətlərlə münasibətlərin iqtisadi müstəvidə siyasi anlaşmaların meydana gəlməsinə və həyata keçirilməsinə zəmin yaradacaq". 

Millət vəkilinin fikrincə, dəhlizin açılmasında ilk növbədə Azərbaycan, eləcə də qardaş Türkiyə dövləti çox maraqlıdır: 

"Çünki dəhlizin açılması ilə əlaqədar Naxçıvana tez bir zamanda gediş-gəliş, Naxçıvan vasitəsilə Türkiyəyə çıxış təmin olunur və bu da çox vacibdir. Əlbəttə ki, bu ətrafda söhbətlər gedir. Lakin çox təəssüflər olsun ki, Ermənistan hökuməti, eləcə də Ermənistana dəstək verən başda Fransa olmaqla bəzi dövlətlər bu dəhlizin açılmasına maneə törədirlər. Bu da məkrli məqsədlərə xidmət edir. 

Azərbaycanı gözü götürməyən, ölkəmizin imicinə ziyan vurmaq istəyən dövlətlər dəhlizin açılmasında maraqlı deyillər. Bu, bir növ Azərbaycana təsir mexanizmi kimi rol oynayır. Ancaq dünyanın bir çox dövlətləri bu dəhlizin açılmasına dəstək verirlər və onlar Azərbaycanın haqlı tələblərinin tərəfindədir. Düşünürəm ki, danışıqlar öz faydasını verəcək. 

Dəhlizin açılması Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsində, eləcə də qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində çox böyük rola malik olacaq. Nəqliyyat imkanlarını artıracaq. İnsanların rahatlığını təmin edəcək və iqtisadi baxımdan ölkəmizə külli miqdarda vəsaitin cəlb olmasına səbəb olacaq".