Tahir  Rzayev, millət  vəkili : - " AŞPA   siyasi maraqlara əsaslanan yanaşma nümayiş etdirir."

SİYASƏT 12:00 / 01.07.2026 Baxış sayı: 538

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son illər Azərbaycana münasibətdə sərgilədiyi mövqe yenidən müzakirə mövzusuna çevrilib. İyunun 24-də qəbul edilən son qətnamədən sonra rəsmi Bakı sənəddə hüquqi deyil, siyasi yanaşmanın üstünlük təşkil etdiyini bəyan edib.

Mövzu ilə bağlı millət   vəkili  Tahir Rzayev mətbuata  açıqlamasında bildirib ki, AŞPA son illərdə qəbul etdiyi qərarlarla beynəlxalq nüfuzuna ciddi zərbə vurub.

Onun sözlərinə görə, qurum getdikcə obyektiv mövqedən uzaqlaşaraq müəyyən siyasi dairələrin təsiri altında fəaliyyət göstərir və Azərbaycana münasibətdə beynəlxalq hüquqa deyil, siyasi maraqlara əsaslanan yanaşma nümayiş etdirir.

Deputat qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti yeni deyil və illərdir müxtəlif qətnamələrdə, eləcə də Assambleya üzvlərinin çıxışlarında anti-Azərbaycan ritorikası müşahidə olunur. Tahir Rzayev hesab edir ki, bu yanaşmanın arxasında Azərbaycanın müstəqil siyasətini, son illərdə qazandığı siyasi, diplomatik və hərbi uğurları qəbul etmək istəməyən qüvvələr, həmçinin erməni lobbisi və müxtəlif maraq qrupları dayanır.

Millət vəkili vurğulayıb ki, qəbul olunan bu tip qətnamələrin hüquqi baxımdan Azərbaycana təsir gücü yoxdur. O bildirib ki, Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və dövlətə qarşı fəaliyyət göstərən şəxslərə münasibətdə qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir.

Tahir Rzayev əlavə edib ki, bəzi beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirməyə çalışsalar da, ölkənin enerji təhlükəsizliyi, strateji nəqliyyat layihələri və regional əməkdaşlıqdakı artan rolu bu cür kampaniyaların təsirsiz olduğunu göstərir.