Şakir Xanhüseyin - ŞEİR KİTABIM
göydən yerə
niyə endin, şeir kitabım--
kitabsızların içinə--
bu kitabsızlardan nə anlayasan, nə,
şeir kitabım...
hə, nazil oldun
allahın da sözünü ucuz tutanların arasına;
leş yeyənlərin,
nə bilim, balıqudanların arasına...
göylərə uç, qeyb ol,
gəldiyin yerə qayıt, şeir kitabım,
canımı alıb min qaraqayıd, şeir kitabım...
nə mehr-məhəbbət,
nə ülfət,
nə mərhəmət qalıb insanımızda...
bilmirəm,
necə yedirim, içirim,
pasiban olum sənə, şeir kitabım,
qurban olum sənə, şeir kitabım...