Kamala Abiyeva Aydın Qızı - HƏYAT

Ədəbiyyat 17:35 / 14.08.2026 Baxış sayı: 245

 

Həmişə

uçmaq arzusuyla yaşamaq olmaz,

uçmaq həmişə yaşatmaz.

Yəni yaşamaq üçün uçar quşlar

Yarpaqlar ölməkçün,

ölümə uçar yarpaqlar.

Budağından qopar, azad olar,

Amma ölmək üçün uçar yarpaqlar,

uçar torpağa.

Yaşamaq üçün uçar quşlar

Uçar göylərə-azadlığa.

Amma göylərdən asıla bilməz.

Hər baxanda gördüyümüz, duyduğumuz

Havasıyla içimizə çəkdiyimiz

Azadlıq başımız üstə.

Hər addımda hiss etdiyimiz

ölüm ayağımız altda.

Həyat yerlə göy arasında,

Amma nə göydən asılar,

Nə torpaqdan ayrılar.

Azdı göylərin cazibəsi,

güclüdü torpaq çəkər bizi.

Torpaqla olmaq, torpaqda ölmək,

torpaqçün ölmək gözəldi

Azadlığa uçmaq,

Azadlığı duymaq qədər gözəldi.