Bəhruz  Niftəliyev - Əl  elə

Ədəbiyyat 09:10 / 16.08.2026 Baxış sayı: 251

Uçurumun ucusan,

Ürəyimin içisən,

Gözlərimdən köçürsən,

Əl elə!

 

İllərini qatla qoy,

Dizlərini ağla, döy,

Qulağıma batan küy,

Əl elə!

 

Nə ağrıdı, bilirsən,

Nə ağırdı, görürsən,

Saçınımı hörürsən?!

Əl elə!

Qol-qanadım kəsilir,

Budanıram elə bil.

Sağlığına badələr,

“Sağ ol”lara, vidalara

utanıram elə bil —

Əl elə!

Sakitcə çıxaq gedək,

Evimi yıxaq gedək,

Sözümə baxaq gedək

Əl elə!

Saxlayaram özümü,

Sağaldaram yaramı,

Allah vuran adamam,

Əl elə!

İki üzün bəllidi,

Üçüncüsün istəməm!

İçin-çölün bəllidi,

Çöküntüsün istəməm —

Əl elə!

Unudum etdiyini,

Xəyanəti unudum.

Xəyal nədi bilmədin,

Həya nədi unutdun.

Utanmadan əl elə,

Unutmadan əl elə!

Əl elə ki, ovunum!

Aramızda

bir “sağ ol”,

Aramızda bir kəlam,

Allahın hüzurunda

deməyə “salam” qalsın!

Əl elə,

Əl-ələ günlərimin xətrinə!!!

15.08.26