Adil Şirin - A DÜNYA
Cavanlıqda məclislərdə tost dedim,
İnsanlara qardaş dedim, dost dedim.
Şeir yazdım, dərd üyütdüm, qəm yedim,
Gənclik bitdi, dostlar getdi, a dünya.
Dünya dondu mən çeşmə tək çağladım,
Cihad dedim misri qılınc bağladım.
Ölən öldü, qalan qaldı ağladım,
Kim deyir ki cihad bitdi, a dünya.
Mənim qəlbim uca dağ şəlaləsi,
Mənim ruhum göydə Ayın gələsi.
Qeybdən gəlir mələklərin xoş səsi,
Fələk mənə zülm etdi, a dünya.
Dağ başında o gördüyüm daş qala,
Mən hördüyüm, sən hördüyün daş qala...
Biz atları çapıb getdik dördnala,
Dağlarda izimiz itdi, a dünya...