Ramiz  Qusarçaylı - Yaxşı ki...

Ədəbiyyat 08:46 / 16.08.2026 Baxış sayı: 250

 

Yaxşı ki, yaxşını pis tanımadım,

Yaxşı ki, yamanı pis tanımışam.

Tanımadıqlarım vecimə deyil,

Tanıdıqlarımı düz tanımışam.

 

Çox gülü tağından uçurdu fələk,

Payız bulud-bulud, yaz lələk-lələk,

Dünyaya gələndən bir halal bələk

Gedəndə bir büküm bez tanımışam.

 

Şərin qürubunda dan keçməmişəm,

Ürək keçməmişəm, can keçməmişəm,

Nə yaxşı özümdən yan keçməmişəm,

Nə yaxşı, özümü tez tanımışam.

 

Ömür cihad deyil, gün taran deyil,

Ölüm haxdan yazı, üz qaran deyil,

Onsuz da çəkilib qurtaran deyil,-

Dərdin özündə də naz tanımışam.

 

Könülsüz nə sevdam, nə ahım olub,

Bir bənövşə boylu günahım olub,

Başımın üstündə Allahım olub,

Ən başda ilahi söz tanımışam.

2019