Hər gün bir həqiqət ölür dünyadan -  Əlizadə  Nuri 

Ədəbiyyat 20:11 / 14.08.2026 Baxış sayı: 191

 

Çiçəyi əzilən bağça kimidi,

Arısı yol azan bir pətəkdi bu.

Güldana qoyduğun saxta gül ilə

Baharı komanda keçirməkdi bu.

 

Dünyanı şeytana kim uduzdurub,

Bəs şeytan insana uduzar haçan?

Bu ömür dediyin nə imiş belə-

Bəlkə yol getməkdi ulduzlaracan?

 

Allahı çağırdım, əl uzatmadı,

Qara kölgə oldum yolun ağına.

Hər gün bir həqiqət ölür dünyada

Min yalan yığılır başsağlığına...

 

Həyat- gördüyünüz qorxulu yuxu

Haqsız da bilir ki, ayrılıq haqdı.

Ölüm də son dəfə evindən çıxıb

Bir daha geriyə qayıtmamaqdı.

 

Sevinc də tərs kimi yaxına gəlməz,

Götürüb baxtına yamaq vurasan.

...İlahi, bu dünya bar verə bilmir-

Bəlkə bu dünyaya calaq vurasan?!