Ayaz Arabaçı -  Günəş axşam qürubuna

Ədəbiyyat 17:00 / 15.08.2026 Baxış sayı: 558

Günəş axşam qürubuna,

Üç dəfə baş əyib sönür.

Addımlarım küçələrdə

Bir-birinə dəyib sönür.

 

Yoxdu səni burda qoyub

Gediləcək şəhərlərim,

Yoxdu sənsiz axşamlarım,

Yoxdu sənsiz səhərlərim.

 

Nəyim varsa arzum, hissim,

Sən getdiyin gündə qalıb.

Ürək adlı sobada bir,

Küt yapılmış kündə qalıb.

 

Mənim işim bu ömrü bir,

Od üstündə közləməkdi,

Gözləyirəm, heç bilmirəm,

Bu neçənci gözləməkdi.

Gündə yüz yol, gündə min yol,

Zəng çalardı telefonun.

Qurumuşam yaddaşında,

Mürəkkəbtək indi onun.

Burda mənim yaralarım

Pərdə-pərdə sim sarıyır.

Orda sənin ürəyinin,

Yarasını kim sarıyır.?.

Yox, bu özgə bir ömürdür,

Tanrı bizə yazan deyil,

Və biz bunu yaşayırıq,

Çox elə də asan deyil.

Qərarsızam, bu şeir də

Sadəcə ilk oxunuşdu.

Səndən qalan xatirəyə

Ordan-burdan toxunuşdu.

Ağ at dedin, ağ at oldu,

İndi arzun hansı atdı..

Gör nə vaxtdı ayrılmışıq,

Bu çox qəddar zarafatdı.

Mən yenə də əllərimi,

Eyni səhvə uzadıram.

Bu şeri də varaq-varaq,

Səhifə-səhifə uzadıram.

Məndə sənin min ağrın var,

Ömrün mənə hopub getmir.

Özün bəlkə unutmusan,

Eşqin məndən qopub getmir.

Uzanıbdı məsafələr,

Mil üstü mil qocalmışam.

Səndən sonra ən azından

Otuz beş il qocalmışam.

Sən hardasan, sənsizliyim

Yadıma yüz ölkə salır.

Düşüncələr ürəyimin

İşığına kölgə salır.

Fikrim bir gün bahar deyir,

Fikrim bir gün payız deyir.

Səndən başqa qız yoxdrmu?

Dilim elə o qız deyir.

Çağır məni məşhərinə,

Çağır məni divanına.

Bu gün yenə dözəmmədim

Məktub yazdım, ünvanına.

Tərlan gəlsə tərlana ver,

Tülək gəlsə tüləyə ver,

Mən yanmışam, o yanmasın,

Oxu, sonra küləyə ver...