Namiq Dəlidağlı - DƏNİZDƏ BOĞULANLARA REKVİYEM

Ədəbiyyat 16:00 / 14.08.2026 Baxış sayı: 464

 

Sizin arzularınız

gözünüzdə qalmadı,

gözünüzdə boğuldu.

Sizin ölümünüz

bambaşqa ölüm,

su ölümü, dəniz ölümü...

Sizə balıqlar ağladı,

səssiz ağladı,

hamıdan qabaq.

Balıqların göz yaşından

bir az da artdı dəniz,

dəniz də ağladı bir az:

gözünü qan tutmuş dəniz,

əli qana batmış dəniz...

Sahildən qorxub

çəkindi dalğalar,

günahından utandı.

Yosunların arasında,

ilbizlərin kölgəsində

gizləndi dəniz...