Tahir Rzayev, komitə sədri : - ""arşılıqlı fikir mübadilələri  iqtisadi inkişafı, milli təhlükəsizliyinin təmin olunması baxımından vacib və əhəmiyyətlidir".

SİYASƏT 10:01 / 11.12.2025 Baxış sayı: 1133

Hər  kəsə bəlli  olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-9-da Slovakiyaya rəsmi səfər edib. Dövlət başçımız həm Slovakiya Prezidenti Peter Pelleqrini ilə, həm də digər rəsmilərlə görüşüb. İlham Əliyev qeyd edib ki, Slovakiya ilə aramızda çox dayanıqlı bağlantılar qurulacaq. Əlavə olaraq, Slovakiya lideri isə bildirib ki, enerji təchizatımız təhlükə altında olduqda biz Azərbaycana müraciət edə bilərik.

İlham Əliyevin Slovakiyaya səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına necə təsir göstərəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  mətbuata açıqlamasında bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri son illər özünün yeni yüksəliş mərhələsinə daxil olub:

"Əlbəttə ki, münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur. Cənab İlham Əliyevin Slovakiya Respublikasına səfəri də məhz qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə istiqamətləndirilib və burada aparılan danışıqlar, ölkə rəhbərinin Slovakiyanın prezidenti və baş naziri ilə görüşləri, sözsüz ki, gələcək inkişafa xidmət edir".

 

Millət  vəkili  qeyd edib  ki, hər iki ölkə özünün gələcək iqtisadi inkişafında maraqlıdır və bu gün Azərbaycan Slovakiyaya öz qazını ixrac edir:

"Nəinki Slovakiya Respublikasına, eləcə də 14 xarici dövlətə Azərbaycan qazı ixrac olunur ki, onlardan da 12-si Avropa ölkəsidir.

Nəqliyyat sahəsində də əməkdaşlığa önəm verilir. Enerji təminatı sahəsində artıq müəyyən razılaşmalar ortadadır. Digər sahələrdə də gələcəkdə sənədlərin imzalanması, düşünürəm ki, ölkələrin inkişafı üçün zəruridir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən fəal rol oynayan ölkələrdən biridir. Cənab İlham Əliyevin səfəri zamanı bu məsələlər də gündəmdə olub və ölkəmizin rəhbəri Slovakiya ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.

Əlbəttə ki, bu Azərbaycan üçün vacibdir, çünki xarici ölkələrlə, Slovakiya kimi bir ölkə ilə münasibətlərin yaxşılaşdırılması həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, qardaş-dost ölkələrinin sayının artırılması baxımından çox əhəmiyyətlidir.

Bu görüşü hər iki dövlət rəhbəri yüksək qiymətləndirir və sözsüz ki, belə görüşlərin, səfərlərin təşkili, dost ölkələrin rəhbərlərinin qarşılıqlı fikir mübadilələri ölkələrin iqtisadi inkişafı, milli təhlükəsizliyinin təmin olunması baxımından vacib və əhəmiyyətlidir".