Sözün Qızıyam -  yazdı  Yadigar Təvəkgul

Ədəbiyyat 20:06 / 21.03.2026 Baxış sayı: 346

 

Hələ deyiləsi çox sözüm qalıb,

Alışır sinəmdə, yanır sinəmdə.

Ruhumda dolaşır bir nəğmə kimi,

Dilimə bənd olub qalır sinəmdə.

 

Mən sözdən yoğruldum, sözlə yaşadım,

Könlümün qayəsi, mayəsi sözdür.

Bütün şeirlərim kirpiklərimdə,

Alışıb od alan bir ovuc közdür.

 

Mən sözün adamı, sözün qızıyam,

Fikirlər üstündə cəm olub ömrüm.

Bitən arzuların qanadlarında

Yeni arzulara yem olub ömrüm.

 

Ağrım sözlərimdən ilham alıbdır,

Hər rəngdə bir çiçək ləçəkləyibdir.

Mən sözə bağlanıb doğulduğum gün

Könlümdə şeirlər çiçəkləyibdir.