Dünyanın ən böyük bahar şairi -SƏMƏD VURĞUN
Baharın ilk günündə doğulan dünyanın ən böyük bahar şairi
SƏMƏD VURĞUN
bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.
Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki...
Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın simvolu olub Azərbaycan insanının düşüncəsində və ruhunda.
İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də...
Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi.
Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.
Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.
Ölümündən 70 il keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.
Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, həm də Səməd Vurğuna minnətdar olmalıyıq.
Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi...
O həmişə yaşayacaq!
Nə qədər ki, dilimiz var!
Nə qədər ki, millətimiz var olacaq!
Özü necə deyirdi:
Vurğun öldü deməyin, bir əbədi sənəti var!
☆☆☆☆☆
SƏNDƏN BU TƏRƏFƏ
Səməd Vurğuna
Yenə nə müddətdi səni anıram,
Olmuşam sözünün heyranı yenə.
Səndən bu tərəfə... ha boylanıram,
Bir də istəyirəm gələm səcdənə.
Səndən bu tərəfə... şeir qurtarır,
Səndən bu tərəfə... yol səninkidi.
Zirvənin başını yenə çən alır,
Duman həminkidi, dağ həminkidi.
Səndən o tərəfdə Füzuli durub,
Vaqif var, Sabir var bir az bəridə.
Şeir köhlənini gör kimlər yorub,
Kimlər bu karvandan
qalıb geridə.
Sənsiz olmayıbdı şeirin bir günü,
Yazmaq istəyənə sözmü qoyubsan.
Elə tutubsan ki, sənət
mülkünü,
Şair olmağa bir üzmü qoyubsan.
Yenə nə yaransa şeir adına
Hərlənib keçəcək sözündən, baba.
Keçən olmayacaq səndən o yana,
Səndən bu yanda da özünsən, baba!
Ehtiram İlham