BAHARDA DOĞULAN VƏTƏN QIZI
ŞAHNAZ ŞAHİN, bilmirəm, bu yazı özəl gününlə bağlı sənə təbrik sözüm olacaq, və ya görüşmədiyimiz son 1 ayda bölüşmək istəyimdən yaranan ehtiyacımın ifadəsi. Bəlkə də axır bir neçə həftədə ictimai həyatda, ədəbi mühitdə baş verən hadisələri düşüncəmin işığında müzakirə müstəvisinə çıxarmaq məqsədilə fikirimi sənə ünvanlamaqdır. Sözün bu yerində özümə etiraz edirəm: müzakirəni sosial şəbəkədə açmağa nə hacət, bunlar qalsın Allahın iznilə baş tutacaq növbəti görüşümüzə...
Yaradana şükr edirəm, nə yaxşı ki, ortaq rəfiqəmiz, tələbə yoldaşım, istedadlı jurnalist, rəhmətlik Vəsilə Usubova vaxtilə bizi tanış etdi. Bu tanışlıq aramızda həmişəlik Söz körpüsü oldu. Anlaşdıq, dərk etdik bir-birimizi. İki ədəbiyyat adamı olaraq bir-birimizin mənəvi, yaradıcı aləminə yaxınlığımız dostluğumuza xoş rənglər qatdı...
Şahnaz xanım, düşünürəm ki, səni ədəbi mühitə, sosial mediaya geniş təqdim etməyə lüzum yoxdur. Nədən ki, bir şair olaraq çağdaş poeziyamızın istedadlı nümayəndəsi, ədəbi, ictimai həyatda gərəkli və ciddi, aktual mövzularda dəyərli esselər müəllifi kimi özünü təqdim-təsdiq etmiş Ədəbiyyat adamısan. Burada məqsədim yaradıcılığını xarakterizə etmək, əsərlərinin ideya-mənəvi dəyərlərindən söz açmaq deyil, amma bu istiqamətdə bəzi məqamlara toxunmağı vacib sanıram.
Hamımız bu Vətənin övladlarıyıq, amma çoxlarından fərqli olduğun üçün sənə ağızdolusu Vətən qızı deyirəm. Çünki, yaradıcılığınla Vətənə, xalqına xidmət edən, millətin ağrı-acılarına yanaraq onları dilə gətirən, el-oba təəssübü çəkən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igdlərimizin, şəhid oğullarımızın taleyinə, həyat salnaməsinə işıq salan, qələbə sevincimizi, zəfərimizi qızıl qələminlə vəsv edən Söz xiridarı kimi dəyərli vətəndaşsan. Bunları görməzlikdən gələ bilərəmmi, Şahnaz Şahin...
İndiki məqamda yadıma düşən, oxuduqca coşduğum, xoş təəssürat içrə duyğulandığım bəzi kitablarını xatırlayıram. “Xocalının Sərvəri”, “Sabiradad Şəhidləri”, “Zəfər nəğmələri”, “Şuşa haqqı” əsərlərinlə sən də Vətənin keşiyində dayanan mübariz, dəyanətli bir əsgərsən...
Zatən münasibətimizin davamlı olacağına inanıram. Xoş halımıza ki, bazar söhbətlərindən çox-çox uzağıq. Hər görüşümüzdə yazılarımız haqqında, ümumən ədəbiyyatımıza xidmət edən əsrlərlə bağlı fikir mübadiləsi aparır, hansısa bir bədii mətni müzakirə edirik. Düz sözə etina edirik. Lütfən, kimsə bu fikrimi özümüzdən razılıq kimi anlamasın...
Doğum gününlə bağlı bu yığcam fikirləri qeyd etməklə istədim biləsən, bütün uğurlarına (bilirəm ki, ölkəmizdən kənarda da yaradıcılığına verilən dəyəri, haqqın olan dəyəri qazanmısan) özün qədər sevinirəm. Səni təbrik edirəm, Şahnaz. Bir də demək istəyirəm ki, baharda doğulan rəfiqələrimin arasında sən də özəlliyinlə seçilirsən. Novruzun mübarək qədəmləri ilə birgə doğulmağın da Tanrının həyatına bəxş etdiyi bir naxışdır. Əzizim, ruhunun yaşı gülümsər çöhrəndə daim şəfəq saçsın. Yeni yaşın mübarək, Şahin Çahin! Sənə sağlam həyat içrə davamlı yaradıcılıq uğurları arzulayıram.
Şəfəq Nasir.