Məmməd Qədir - Yaradan çıxır

Ədəbiyyat 18:56 / 21.03.2026 Baxış sayı: 373

 

Qılmadım bir rükət şeir bu axşam,

Duyğu radarlarım sıradan çıxır.

İlham pəriləri görüb coşmusam,

Götürüb qələmi aradan çıxır.

 

Bax belə yaranır naz şeirləri,

Payız ağıları, yaz şeirləri,

Qara günlərinə yaz şeirləri,

Ən bəyaz çiçəklər qaradan çıxır

 

Qara bulud gəzir dağlı başında,

Kecəl kef bisirir yağlı başında,

Kimə baxırsansa ağlı başında,

Bəs dəli şairlər haradan çıxır?

 

Harda agıllansın, söz piri olmur,

Şairlər ölməsə söz diri olmur,

Ən gözəl günlərin şeiri olmur,

Ən gözəl şeirlər yaradan çıxır

Eşqdi, məhəbbətdi Məmmədin dini,

Yuxardan əyilir dünyanın tini,

Ha seytan daşlayıb, soysəm də cini,

Hər işin içindən Yaradan çıxır.