Elşən Əzim - Bəlkə "Novruz"u milli karnavala çevirək?!

YAZARLAR 13:19 / 21.03.2026 Baxış sayı: 550

Tədbirləri, rəsmi şənlikləri qoyaq kənara .

Uşaqların küçədə yumurta döyüşdüyünü görən olubmu son illər?

Hər şey rəsmi tədbirlər çərçivəsinə sığışdırıldıqca öz səmimiliyini, ilkin mənasını itirir bəlkə?

Bəlkə də çoxlarının süfrəsi 90- cı illərdəkindən daha zəngindir. Bəs 90- cı illərin bayram abu-havası hanı?

Bayram evlərə, telefonlara, sosial platformalara çəkildi, küçədə bayram qalmadı.

Yenə çoxları görünən tərəflərlə izah edəcək, maddi ehtiyac, filan...

Yox, təkcə bu deyil. İnsanlarda, xüsusən də uşaqlarda heyrət azalıb. Uşağı nə iləsə təəccübləndirmək, heyrətləndirmək olmur.

Səbəb isə məlumatın çoxluğudur. Əlində planşet, telefon, qarşısında kompyuter olan, həmin vasitələrlə daha maraqlı məlumatlar əldə edən, daha cəlbedici oyunlar oynayan uşaq kosaya, keçələ necə inansın, telefondakı rəngarəng oyunu qoyub niyə yumurta boyasın, niyə yumurta döyüşsün?

Süni intellekt vasitəsilə hər məlumatı alan uşaq od üstən atlanmaqla ağırlıq-uğurluğunun tonqala düşüb yanmasına niyə inansın ki?

Bəlkə "Novruz"u milli karnavala çevirmək üçün yeni nələrsə düşünək?

Bütün şəhərlərin, məktəblərin "Novriz" şənliyinə baxsaq eyni ssenarini görərik. Artıq hamının əzbər bildiyi ssenarini. Artıq hamı nəyin ardınca nəyin gəldiyini bilirsə, niyə bu tədbirlərə maraq göstərsin ki? Elə bil bir filmə yüzüncü dəfə baxırsan.

Təzə nələrisə düşünməyin, folklordan modern karnavala keçid etməyin zamanı gəlib bəlkə?

İspanlar bir-birinə pomidor atmağı milli karnavala çevirib ölkələrinə yüz minlərlə turist cəlb edə biliblər.

Özbəklər də Novruz bayramından turizm məqsədiylə uğurla istifadə edirlər.

Biz isə bu boyda sərvəti başdangetdi tədbirlərə uçuruma sürükləyirik.