Şövkət Zərin Horovlu - SALAM
Salam ,təzə Horovlum
Bu bayramın mübarək,
Ayrılığı , həsrəri
Aradan silək gərək.
Salam, yoxuşum, dağım,
Salam bostanım , bağım.
Mənsiz quruyan iydəm,
Kökü saralan tağım!
Salam,”Orta kəhriz” im
Qosqoca Xan cinarım!
Salam , Ziyarət dağım,
Güvənc yerim,vüqarım!
Xoş gördük “Xəlfə bulaq”
Salam, “Daşlı güney” im,
Bilmirəm, umu-küsü,
Kimədir bu gileyim?
Tanıyan varmı kiməm,
Ölüyəm ya diriyəm?
Qürbət küləyi döyən
Günahkarın biriyəm!
Xatırlayan olarmi
Bir vaxt şirin avazlı,
Saçı çiçək qotazlı,
Yaşıl bahar həvəsli
Şərqilər deyən qızı?
Anası “Bahar qızı”
Adı vermişdi ona,
Bənövşəni tikərdi ,
Örpəyinə , donuna.
Doğma məktəbin zəngi
Görən yenə vururmu?
Anam göy göyərçıntək
Əlində şor dürməyi,
Başında köhnə şall ,
Yol üstündə dururmu?
könlümdən gəlib keçdi
Yenə nələr, gör nələr,
Uşaqlığım kövrəldi
Baş aldı xatirələr.
Bir yerə toplaşın
Yenə həmyaşıd qızlar,
Cərgələnib ,şax durun
Şəhid-şəhid oğlanlar.
Məhlə-məhlə bölünüb
Yenə duraq üz-üzə,
Qayıdın , siz ömrümə
Ehtiyacım var sizə.
Sənə gələ bilmirəm
Səhhətimə nə deyim,
Yaxın gəl, gucaqlaşaq
Son borcumu ödəyim!
Salam , təzə Horovlum
Bu bayramın mübarək,
Ayrılığı , həsrəti
Aradan silək gərək!