Sona Vəliyeva - ALLAH

Ədəbiyyat 09:11 / 10.09.2025 Baxış sayı: 2046

 ·

 

Öz könlümün ağası mən,

tək eşqinə qulam, Allah,

Yer üzünə bəxş etdiyin

sevginəm, duyğunam, Allah.

 

Məna-məna pərdələnən

zikrim, sevgim, duam da sən,

Yerlə göyü görüşdürən

yağışın, dolunam, Allah.

 

Möcüzə baharın, qışın,

həm köçmüşün, həm qalmışın...

ruhundan töhfə almışam,

sağınam, solunam, Allah.

 

Bir işarə, müjdə göndər,

həsrətin ömrü nə qədər?

Kaş qəbul ola tövbələr,

arınam, durulam, Allah.

 

Ömür var, ölümdən betər,

ruhu bədəndən dərbədər...

Bəndəlik dönəmi bitə,

mələktək doğulam, Allah.

 

Kimdir, arxamca ağlayır?

Ağısı içim dağlayır.

Yol uzaq, köçüm çox ağır,

yorğunam, yorğunam, Allah.

 

Ömür beşikmi, tabutmu?

Nə götürdüm, nə unutdum?

Əllərinlə qələm tutdum,

SƏN sirr, mən sualam, Allah.

 

Bir sorğuya cavab minsə,

savablar günahı yensə,

ömür ölümlə bitsə də,

Hər “yox”da “var” ollam, Allah