Sevil   Azadqızı  - CAVABSIZ ZƏNGLƏR..

Ədəbiyyat 20:50 / 11.11.2026 Baxış sayı: 369

 

Zəng edirəm, o tərəfdən səs gəlmir,

Buza dönüb, donub qalıb nəfəsin.

Açanda da bir kəlmə söz demirsən,

Boğazında düyünlənib nəfəsin?

 

Sükutunun ağırlığı dağ kimi,

Çiyinlərim bu yükə tab gətirmir.

Bir "salam"a həsrət qalan qulağım,

Səndən gələn "alo"nu da eşitmir.

 

Bircə kəlmə cavab vermək çətinmi,

Yoxsa dilin lal olubdur, ay adam?

İçindəki o mərhəmət hissinin,

Üstündəmi daş bitibdi, ay adam?

 

Qışın sazağından betər baxışın,

Qəlbimdəki od-ocağı söndürür.

Sənin biganəlik olan bu halın,

Məni diri-diri qəbrə gömdürür.

 

Yeddi ayın hər gününü bir-bir say,

Gör nə qədər göz yaşım var içində.

Sən susduqca tükənirəm, bitirəm,

Bu amansız ayrılığın köçündə.

 

Daş da belə indi çoxdan əriyib,

Bu fəryada, bu haraya dözməzdi.

Sənin kimi bircə kəlmə kəsmədən,

Ümidimin qanadını üzməzdi.

 

11.11.2026