Şakir  Xanhüseyinli - A QU QUŞUM...

Ədəbiyyat 10:15 / 11.11.2026 Baxış sayı: 481

 

A qu quşum, bu göl sənin-

gözlərimin gölünə gə;

Torpaq təkcə quru yermi,

torpaq bu sulardı həm də...

Göz yaşıtək duru sular;

niyə, axı, belə deyim;

Duru suyla göz yaşını

bir yerdə tutmur ürəyim...

Bəmbəyazsan, a qu quşum,

bu ağlıqda bir üz ola...

Ürək sevindirən nəsə

gərək ola,

bir az ola...

Sular dumduru, daşlar xoş,

yer-göy sanki tərtəmizdi;

Soyuqluğu keç, bu daşlar

yəqin istidi, çox isti...

Saflıq özü də bir cürə

elə hərarətdi, bilsən...

Bu saat ürəyimdəki

hisslərdən uzaq deyilsən...

Sənə göz qoyduğum andan

hara nə qoydum unutdum;

A qu quşum, gözüm oyaq,

amma könlümü uyutdun;

Bir az dünyaya bağladın,

bir az dünyadan ayırdın;

Mən də ağ qumaşda belə,

sanki yuxudan ayıldım;

Özümüz görəmmirik ki,

bax, ən pak, nur halımızı...

Əriyib gedirik elə,

kim görür qar halımızı...

Qu quşum, xəyallarıma

doğma olan bu yer hara;

Üzərində dayandığım

bu yer hara

bu yer hara!..