Məmməd Qədir - Yenə canın sağ olsun
Bu səhərin üzündə bir təbəssüm,
Bu axşamın ürəyində hüzr var.
Demə yurda qədəm qoyub Ayüzlüm,
Gəlişinə mənim boyda nəzir var.
Onu məndən gizlədirdi hər gecə,
Nə gecədən, nə gündüzdən küsmədim.
Varlığına şükr elədim gizlicə.
Nəzir kəsdim, ümidimi kəsmədim.
Görüsəndə ağlayırdı təbiət,
Çöl yağışlı, içimizdə gün idi.
Nəyi nə vaxt, gözəl bilirdi qismət,
Yaşantılar ömür idi, gün idi.
Mən çoxdanın ölüsüydüm, duriltdin,
Üsüyurdüm, od qaladın ömrümə.
Min illərin sal buzunu əritdin,
Tükənmisdim, can caladın ömrümə.
Cəhənnəmdə duyur bəndə can nədir,
Ruh vuruşur, dara çəkir insanı.
Yoxluğun da yaşamağa əmr edir,
Son nəfəsim varlığının ehsanı.
Öldürsən də gözlədiyim yenə sən,
Ölür axı məhəbbətsiz bu uşaq.
Bilirəmee, işin düşüb gəlmisən,
Görüşməyək, canım, harda rastlaşaq?
Arzu bitməz, Məmməd bəxtə diz çökür,
Ha söyləsəm yenə həmin bağ olsun.
Dərd olsa da, verdiyinə min şükür,
Öldürsən də, yenə canın sağ olsun...