Aida Adıgözəldən DÖRD ŞEİR
Nə gizlədim
Görürsənmi ayrılğın gücünü,
qoydu bizə ölçüləri, hədləri.
Nə gizlədim, aşmağa da həvəs yox,
hər gün artan məsafəni, sədləri.
Yazdıqların hələ durur, biləsən,
oxuyuram sən könlümə düşəndə.
Nə gizlədim, burnum ucu göynəyir,
umsuq ana balasından şişəntək.
Bir söz var e, bir almanın yarısı,
mən də səndə bütöv idim, tam idim.
Nə gizlədim, sevməmişdim kimsəni,
anlamazdım oyun filan, xam idim.
Elə gəldin, elə girdin könlümə,
ayaqlarım yer üzündən üzüldü.
Nə gizlədim, yenə doldu gözlərim,
göz yaşlarım sətirlərə süzüldü.
İstəmirdim bu şeiri yazmağı,
istəmirdim məni gücsüz görəsən.
Nə gizlədim, bir mahınını paylaşdın,
bildim məni unutmaq istəmirsən...
Söz vermişdin görüşərik haçansa,
əlin gəlmir yazdığımı siləsən.
Nə gizlədim, ta həvəsdən düşmüşəm, -
"yalançıya inanmazlar", biləsən ...
Təsəlli
Burda nə var ki dostum,
qəmlənib üzüləsi.
İnsanıq, sevərik də,
küsüb ayrılarıq da.
Əlimizdən tək gələn, -
taleyə gülünəsi.
Burda nə var ki dostum,
ağrı, dərd ediləsi.
Hər kəsin ömür yolu,
son qatar,
son duracaq
vağzaldı, ayrılarıq,
başqa səmt gediləsi.
Burda nə var ki dostum,
ömürdən silinəsi.
Adi ayrılıqdı da,
ölüm filan deyil ki,
bir daha görüşməyək,
qübardan ölünəsi...
Kölgələrin sükutu
Bilirsənmi, uzaqların adamı,
sənsiz günüm payız kimi nəm keçir.
Bu qışı da sərt keçəcək dedilər...
sinoptikə hirslənmişəm bayaqdan
o soyuqlar ürəyimdə əsdilər.
Gəl oturaq, biz bizəyik, kimsə yox,
mürəbbəm var, konfetim var, balım var,
indi süzdüm, təzədəmdi, çayım var.
Bilirsən ki, haçan gəlsən könlümdə
saxlamışam, lap ayrıca payın var.
Nə olsun ki, ayrılmışıq haçandı?
Nə olsun ki, danışmırıq aylardır?
Nə olsun ki, ağlatmısan gecələr?
Qəhvənin də xətri keçmir qırx ilə,
bir küsməklə heç adamı silərlər?
Gəl danışım yaşamımı, çiləmi,
sənsiz necə darıxmışam biləsən.
Hər gün sənə nə şeirlər yazımışam,
hələ çoxun hirslənmişəm qarana
yazılmamış ürəkdəcə pozmuşam?
Gecələr də yatammıram, yuxum yox,
əzilirəm sualların altında.
Düşünməkdən beynim şişir hər gecə,
aldı səni əllərimdən birimi,
yoxsa günah məndə imiş, hər necə?
Çay soyudu, gün kədərlə başladı,
ürəyimdə danışmaqdan yoruldum.
Demişdin ya - "gözlə məni, gələcəm", -
səbirliyəm, gözləyəcəm bir ömür,
mən ümidəm, ən sonuncu öləcəm...
Eşq qadını
Hey, gedən yolçu,
gecələrə məndən salam söylə.
De ki,
mən həmin O
eşq dəlisi olan qadınam!
Qorxma,
bütün dəlilərin gözləri böyümüş,
saçları pırtlaşıq olmur...
Sən Leyli ilə Məcnunu tanımışsın təkcə,
mən Allahdan gizlin doğulan,
atəşlə küldən yoğrulan eşq qadınıyam.
Hey, gedən yolçu,
gecələrə söylə,
mən dərdlərindən kərpic-kərpic
Bəzz qalası hörən qadınam.
Ömrü şama bənzəyən,
gilə-gilə əriyən,
kiminə işıq,
kiminə istilik verən qadınam.
Azadlığı üçün odda yanan,
övlad üçün günaha batan qadın...
Mən həmin o qadınam,
eşq dəlisi...