Bəhram Bilaloğlu - Söz insanın kim olmaq istədiyini göstərir, əməl kim olduğunu.
Bir zamanlar bir şəhərdə sözü hamıdan uca eşidilən bir adam yaşayırdı. Danışanda sanki divarlar da susar, insanlar onun fikirlərinə qulaq kəsilərdilər. Özünü hər kəsdən üstün tutar, insanlara yuxarıdan baxar, böyüklüyünü söylədiyi sözlərin çoxluğu ilə ölçərdi. Onun nəzərində hörmət qazanmaq üçün insanın dili iti, səsi gur, mövqeyi isə hamıdan hündür olmalı idi.
Həmin şəhərin başqa bir sakini də vardı. O, az danışar, çox müşahidə edərdi. Səhərlər küçələri süpürən yaşlı süpürgəçiyə salam verər, bazarda tərəzisi xarab olan kasıbın haqqını qoruyar, yolda rastlaşdığı uşağın başını sığallayar, ehtiyacı olanın əlindən tutardı. Heç vaxt etdiyi yaxşılığı dilə gətirməz, kiməsə kömək edəndə bunu özünə üstünlük saymazdı.
Bir gün şəhərdə güclü yağış yağdı. Küçələri su basdı, yollar keçilməz oldu. Hamı öz evinə, öz rahatlığına çəkildi. Elə həmin vaxt yaşlı bir qadın küçənin ortasında yıxıldı. Əlindəki torbadakı çörəklər palçığa dağıldı. Ətrafdan keçənlər ona baxıb yollarına davam etdilər.
Sözü hamıdan uca eşidilən adam da oradan keçirdi. Qadını gördü, bir anlıq dayandı. Ətrafındakılara üz tutaraq insanlıqdan, mərhəmətdən, böyüklükdən danışmağa başladı:
– İnsan gərək insana sahib çıxsın. Böyük ürək daşımaq lazımdır. Cəmiyyətin dayağı mərhəmətdir!
Bu sözləri deyib yoluna davam etdi.
Bir qədər sonra səssiz yaşayan adam gəldi. Heç nə söyləmədi. Əyilib qadının palçığa düşmüş çörəklərini yığdı, onu ayağa qaldırdı, torbasını götürüb evinə qədər apardı. Qadın təşəkkür etmək istəyəndə isə sadəcə gülümsədi:
– Ana, əsas odur ki, yaxşısınız. Çörək yenə alınar, amma insanın canı əzizdir.
Hadisədən bir neçə gün keçdi. Şəhərdə böyük bir məclis təşkil olundu. Məclisin mövzusu insanlıq, mənəviyyat və cəmiyyət qarşısında məsuliyyət idi. Hamı sözü gur çıxan adamın çıxışını gözləyirdi. O, yenə uzun-uzadı danışdı, insanlara necə yaşamağı, necə davranmağı öyrətdi. Alqışlar da qazandı.
Məclisin sonunda həmin yaşlı qadın ayağa qalxdı. Əlində bir parça çörək vardı. Sakitcə dedi:
– Mən bu şəhərdə çox adamın insanlıq haqqında danışdığını eşitmişəm. Amma bir dəfə yıxılanda məni ayağa qaldıran yalnız bir nəfər oldu. O adamın adını bilmirəm, amma yaxşılığını heç vaxt unutmaram.
Zalda sükut yarandı.
Qadın çörəyi sinəsinə sıxaraq sözünə davam etdi:
– Mən o gün anladım ki, insanın böyüklüyü onun dilindən çıxan sözlərin hündürlüyündə deyil, başqasının dərdinə əyiləndə belinin necə bükülməsindədir.
Hamı gözlərini aşağı dikdi.
O gün sözü çox olan adam ilk dəfə susdu. Səssiz adam isə yenə öz işində idi. Çünki o, yaxşılıq etmək üçün nə məclis gözləyirdi, nə alqış, nə də şahid.
Zaman keçdi. Şəhərdə çoxlu çıxışlar unuduldu, çoxlu adlar yaddaşlardan silindi. Amma bir qadının palçıqdan götürülmüş çörəyi və ona uzadılmış bir əl insanların xatirəsində yaşamaqda davam etdi.
Həyatın qəribə bir tərəzisi var: orada insanın dedikləri deyil, yaşatdıqları çəkilir.
Bəzən bir ömür boyu danışmaqla qazana bilmədiyin hörməti, bircə dəfə kiminsə qəlbini incitməməklə qazana bilərsən. Çünki söz insanın kim olmaq istədiyini göstərir, əməl isə onun əslində kim olduğunu.
İnsan özünü böyütməklə böyük olmur. Başqasının kiçikliyinə baxmayaraq ona böyük hörmət göstərməklə böyüyür.
Və nəhayət, insan bu dünyadan köçəndə arxasında söylədiyi cümlələrin sədası deyil, toxunduğu qəlblərin duası qalır.
Böyüklük uca səslə danışmaq deyil, kiçik bir qəlbi belə incitmədən yaşaya bilməkdir.