Şəhla Rəvanın şeirləri...

Ədəbiyyat 22:00 / 26.08.2025 Baxış sayı: 11633

 

Həyat

Günlər bənzəməzlər bir-birinə

Hər günün öz ətri, öz xisləti var.

Elə yaşayasan düşə yerinə,

Yaşanan hər anın bir hikməti var.

 

Günlər yarpaq-yarpaq düşər ömürdən,

Hər günün öz rəngi, öz işığı var.

Yaşanan hər günün qədrini bilsən,

Qışın da gözündə olacaq bahar.

 

Artıq sənin deyil yaşadığın gün,

Gah yadda qalandır, gah unudulan.

Ötən xatirədir o sənin üçün,

Geriyə qayıtmaz yaşanan zaman.

 

Toxuna bilməzsən bir daha ona,

Sevinci sənindir, qəmi sənindir.

Eləcə yazılar öz yaddaşına,

Həyat onun qədrin bilənlərindir.

 

Göytəpə şəhəri - 27.01.2000

 

Səninlə görüşmək üçün

 

Baxışım səpilib yollara bütün,

Mən yollar üstündə sual oluram.

Bir anlıq səninlə görüşmək üçün,

Özüm də bilmədən xəyal oluram.

 

Baxışım hər yerdə axtarır səni, 

Arayır, tapmayır bihal oluram.

Bəs niyə görəndə o gül çöhrəni,

Özüm də bilmədən mən lal oluram?

 

Ümidim kəsilir, ay canım-gözüm,

Qanadı qırılmış qartal oluram.

Quruyur boğazım, tükənir sözüm.

Dillərə düşərək, dastan oluram...

 

Bakı şəhəri - 12.03.2000

 

Əziz oğlum

 

Demirəm xəzinəm, səltənətim var,

Canımdan da əziz bir qismətim var.

Qəlbində mərhəmət, ruhən əzmkar,

Tanrım bəxş edibdir ömrümə nübar,

Çox şükür Tanrıya əziz oğlum var!

 

Qıvrımdı  saçları, qara  qaşları,

Gözəldi gözləri, xoş baxışları.

Səsi heyran edir uçan quşları,

Onunla olmuşam xoşbəxt, bəxtiyar,

Çox şükür Tanrıya əziz oğlum var!

 

Vardı uca boyu, enli kürəyi,

Poladtək güclüdür qolu, biləyi.

Pakdır, müqəddəsdir arzu-diləyi,

Onu müjdə etmiş mənə ilk bahar,

Çox şükür Tanrıya əziz oğlum var!

 

Bulaqtək durudur, pakdır niyyəti,

Məramı qürurlu, qərarı qəti.

Özündə əks edir o həqiqəti,

Dost-tanış yanında çox hörməti var,

Çox şükür Tanrıya əziz oğlum var.

 

Vüqarı sarsılmaz, dağtək qürurlu,

Necə əzəmətli, çöhrəsi nurlu.

Düz yaşa həyatın olsun uğurlu,

Anan baxıb sənə, etsin iftixar,

Çox şükür Tanrıya səntək oğlum var!

 

Bakı şəhəri - 26.03.2000

 

Yoxluğun

 

Bu yaşımda dağ yandırdı fəryadım.

Sən gedəni nələr çəkdim əzizim...

İndi mənə ən ağır dərd dünyada,

Yoxluğuna öyrəşməkdir əzizim!

 

Bir zamanlar qayğısızdım özüm də,

Hər an sənsən söhbətim də, sözüm də.

Dünya sənsiz bir heç olub gözümdə,

Heç bildinmi nələr çəkdim əzizim!?

 

Həsrətindən yandım oda, kül oldum,

Dil bilməzdim, oxudum bülbül oldum.

Damla idim, dama-dama göl oldum,

Arzum sənlə görüşməkdir əzizim!

 

Darıxıram, hicran yaxır sinəmi,

Görərəmmi, görən səni yenəmi?

Yoxsan deyə itirmişəm qibləmi,

Sənsiz ömür nə gərəkdir əzizim!?

 

Göytəpə  şəhər - 18.08.2000

 

Mən olmuşam

 

Yolumu azmışam duman içində,

Min şübhə, min riya, güman içində.

Bilməzdim bu qədər zaman içində,

Sənin nəzərində düşmən olmuşam.

 

Mən sənə necə də bel bağlamışdım,

Hicrindən qəlbimi çox dağlamışdım.

Gecələr yastığı qucağlamışdım,

Həsrətdən ürəyi al-qan olmuşam.

 

Gözünün yaşını silən mən idim.

Hər zaman üzünə gülən mən idim.

Mən özüm deyildim, axı sən idim

İndi nədən belə yaman olmuşam?

 

Bir zaman yoluma güllər səpərdin,

Yox idi nə qüssəm, nə də ki, dərdim.

Mən sənə özümdən çox dəyər verdim,

Sən demə ömrünə mehman olmuşam...

 

Göytəpə şəhəri - 10.10.2000

 

Şəhla Rəvan

(Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair)