Saqif Qaratorpaq : - Qismət olsa...

Ədəbiyyat 21:16 / 18.03.2023 Baxış sayı: 1119

Qismət olsa, görüşərik nə vaxtsa,

Ya baharda,ya payızda,ya qışda.

Bircə mənə öz yanında yer saxla,

Ya ayaqda,ya ortada,ya başda...

 

Giley eylər, mənə,səndən razılar,

Qəm göyərdər həsrət yazan yazılar.

Tumurcuqdu sinəmdəki arzular,

Solub gedər bircə soyuq baxışda.

 

Bəxt gəmisi dönər,dönməz?

nə deyim...

Fərq eləməz qınasan da fələyi.

Cadar-cadar bir səhradı ürəyim,

Nə bitirər gözündəki yağışda?

 

Məni gəzir nə zamandı bir ölüm,

Demək mənə çox heyrandı bir ölüm...

Məndən ötrü sərgərdandı bir ölüm,

Ya yoldadı,ya gözdədi,ya qaşda.

 

Hər xatirə-əl çatmayan bir ada,

Son ümidi barı vermə gəl bada...

Bir ömürə pəncərədi bu sevda,

Ya gülə tut,ya naxışda,ya daşda.