Saqif Qaratorpaq : - Nastalji

Ədəbiyyat 09:00 / 07.02.2025 Baxış sayı: 1429

 

Yoxsa xətrinə dəydim?

sözlər küsüb bu axşam.

Elə bil indiyəcən

bir misra yazmamışam...

 

Hələ gözəldi ömrün

qarası da,ağı da...

yenicə öyrənirəm

qələmi tutmağı da.

 

Dəftərə şəkil çəkən

naşı uşaq kimiyəm.

Gözü təzə açılan

körpə bulaq kimiyəm.

 

Hələ ağrımamışam

ilk eşqin acısından.

Təzəcə dərs alıram

həyatın qamçısından...

 

Təzə əzbərləmişəm

sevgi təriflərini.

Danlayıb düzəldirsən

sən bir-bir səhvlərimi...

 

Hələ gözəldi dünya,

mən də öz kefimdəyəm...

Sevda adlı kitabın

birinci hərfindəyəm