Şakir Xanhüseyn : - ÖTƏSİNƏ ÇIXMAQ

bu gün atdığın bir addımla
sabahkı neçə-neçə addımın ötəsinə çıxmaq,
ötəsinə çıxmaq sözün, şeirin,
bir düşün dərin-dərin...
ötəsinə çıxmaq
üzündə bəzən
işıl-işıl sayrışan
bir anlıq sevincin, təbəssümün,
işıq saçmalı sevincin, təbəssümün...
bir qardaş, bacı istəyinin,
ata-ana həsrətinin,
hisslərinin, ürəyinin ötəsinə çıxmaq.
ötəsinə çıxmaq
yaşadığın ömrün, günün,
adın-sanın
və sənin axırına başqalarının çıxmamasıyçün
etdiyin cəhdlərin ötəsinə çıxmaq, ötəsinə,
daha bundan ötəsi nə?!.