Şakir Xanhüseyn : - mən hər şeydə bir heç, sən...

Ədəbiyyat 09:18 / 24.03.2025 Baxış sayı: 1006

***

mən hər şeydə bir heç, sən, sən azda da çoxsan,

gör, duruca suyu bol gözümü bulaq san...

ey haqq olan Tanrı, haqq olanı kim sevir,

bir yaxınlıq göstər də mənə çox uzaqdan...

 

nə imişsən- göydə yer, ya yerdə kəhkəşan,

rəhmətinlə kömək ol, bir canda gücə dön.

göz yumursan keçir vaxt, göz açıb gördüyün

çox işlərə gəzdir əl, həyata ver də yön...

 

bir ulduzdan alıb nur günəşə hör çələng,

ey mən, düşün, düşün bir səmaya et diqqət;

eşq böyükdür, onu hey önəmsə, əzizlə,

bil yaxıcı oddu, od sönsə də, məhəbbət...

 

hə də, sözlə baş-başa qalanda ucasan,

gəl bir rəyə, fikir ki, qəlbində daim var...

üz verəsi olsan, bax, qəmlərə, yorulub

düşərsən ha, anla bir itirən nə tapar...