Ağamalı Sadiq Əfəndi - Tələsmək lazımdı, bir az tələsmək...

Ədəbiyyat 10:01 / 24.04.2026 Baxış sayı: 309

 

Suallar içində əriyir illər,

Seyrəlir dostların sırası xəlvət.

Solur bənövşələr, saralır güllər,

Ağarır tellərin qarası xəlvət.

Xal düşür səfinə yaşıdlarımın,

Qapımın ağzında ulayır külək.

Gördüm bu dünyanın etibarını,

Tələsmək lazımdı, bir az tələsmək.

Mənim yel atımın yandı yalları,

Qılıncsız, şeşpərsiz aşdım yəhərdən.

Mənim oxum-nizəm - qoşa qollarım,

Uzalı qalıbdı kəndə şəhərdən.

Dünən İbrahimə yetmədi əlim,

Bu gün Hasanalı əydi belimi,

Məni harayladı sonum, əzəlim,

Öz anam küləyə verdi telini.

Orda bir maralı hönkürən gördüm,

Onda inandım ki, eşitmir fələk.

Yolların yoxuşu gözümə durdu,

Tələsmək lazımdı, bir az tələsmək.

Ürəyim titrəyir sözün üstündə

Elə korun-korun əriyirəm mən.

Sən məni saxladın gözün üstündə

Mən sənə neyləyə bilmişəm, Vətən?

Adına bir misra yaza bilmədim,

Dərdinə bircə gün dözə bilmədim.

Hamını ovutdum saz çala-çala,

Özümü bir yana yoza bilmədim.

Yaxşı ki, qarşıda qarlı dağlar var,

Yaxşı ki, çalxanır sinəmdə ürək.

Arxamca əlini yellədi bahar,

Tələsmək lazımdı, bir az tələsmək!...