Qalib Rəhimli. - İlahi eşqin sufi poetikasında yol və ruh...

YAZARLAR 09:21 / 24.04.2026 Baxış sayı: 338

 

Qibləgahım, ulum, ucam, 

Əmanətdi yollar, Xocam!

Yox, körpü yox- addamacam,

Hər kəs məndən keçə bilməz.

xxx

Varam "olum" həvəsində,

Ruham İmrə nəfəsində, 

Yol gedir can qəfəsində,

Gündüz bilməz, gecə bilməz!

xxx

Qadir Allah, o bir Allah, 

Bölənləri bölür Allah...

İncəyurdu bilir Allah- 

Aşiqləri necə bilməz!? 

Mən Rafail İncəyurdun yaradıcılığında İlahilik, sufilik haqqında bir neçə dəfə qısa rəylərdə yazmışam. Şairin təqdim olunan bu şeiri isə dərin fəlsəfi və mistik qatlara malik olmaqla, oxucunu zahiri mətnin hüdudlarından çıxarıb mənəvi təfəkkür müstəvisinə aparır. Bu şeir sadəcə poetik ifadə deyil, həm də insanın ilahi həqiqətə doğru daxili səfərinin bədii təcəssümüdür və zahiri poetik forma ilə batini fəlsəfənin qovşağında dayanır. Bu şeir oxucunu sadəcə emosional təsir altında saxlamaqla kifayətlənmir; o, insanı varlıq, yol, ruh və ilahi həqiqət haqqında düşünməyə sövq edən sufi-fəlsəfi bir mətn kimi açılır. Şeirdə müşahidə olunan sufi-fəlsəfi ruh insanın zahiri varlıqdan batini həqiqətə doğru hərəkətini ifadə edir. Şeir ilk misralardan etibarən ilahi yönəlişlə başlayır:

Qibləgahım, ulum, ucam,

Əmanətdi yollar, Xocam!

Burada Allah həm qiblə — yəni istiqamət, həm də ucalıq və mütləq həqiqət kimi təqdim olunur. “Yolların əmanət olması” isə insan həyatının təsadüfi axın deyil, məsuliyyətlə yüklənmiş mənəvi bir missiya olduğunu bildirir. Bildiyimiz kimi sufi düşüncədə bu, “insanın yolda olması” ideyasına uyğun gəlir. Yəni insan gəlib gedən deyil, gedən və dərk edən varlıqdır. 

Şeirin növbəti hissəsində poetik “mən” özünü sərhəd kimi müəyyənləşdirir:

Yox, körpü yox – addamacam,

Hər kəs məndən keçə bilməz.

Burada “körpü” obrazının inkarı çoxqatlıdır. Körpü adətən keçid, vasitə, bağlayıcı elementdir. Şair isə artıq başqalarının keçid vasitəsi olmaqdan imtina edir. “Addamac” hesab edirəm keçilməzlik və fərdi bütövlük mənası daşıyır. Bu da sufi terminologiyada “nəfsin fərqlənməsi” və fərdin öz batini sərhədini dərk etməsi kimi anlaşıla bilər.

Şeirin ən dərin qatlarından biri varlıq axtarışını ifadə edən misralardır:

Varam “olum” həvəsində,

Ruham İmrə nəfəsində,

Burada “olum həvəsi” sadə yaşamaq istəyi deyil. Sufi kontekstdə bu, “fənadan bəqaya” — yəni nəfsin yox olması və ilahi varlıqda davam etmə istəyidir. İnsan artıq mövcud olmaq üçün yox, həqiqətə çatmaq üçün var olmaq istəyir. “İmrə nəfəsi” isə Yunus İmrə ənənəsinə işarə edir və bu, şeiri Anadolu sufi poeziya xəttinə bağlayır. Burada ruh artıq fərdi deyil, eşq, sadəlik və ilahi yaxınlıqla nəfəs alır.

Şeirin mistik kulminasiyası isə məncə bədən və ruh münasibətində açılır:

“Yol gedir can qəfəsində,

Gündüz bilməz, gecə bilməz!

“Can qəfəsi” klassik sufi metaforasıdır — ruh bədən daxilində məhbusdur, lakin eyni zamanda azadlığa doğru hərəkətdədir. Burada bir paradoks yaranır. Qəfəs içində olan ruh sərhədsizdir. “Gündüz bilməz, gecə bilməz” misrası isə artıq zamanın ləğv olunduğu mistik halı ifadə edir. Sufi təcrübədə bu vəziyyət “vəcd” və ya “hal” adlanır — burada insan maddi ölçüləri aşaraq yalnız ilahi varlıqla təmasda olur. 

Şeirin sonrakı qatında metafizik ədalət prinsipi ortaya çıxır:

Qadir Allah, o bir Allah,

Bölənləri bölür Allah...

Bu misralar Uca Allahın təkliyini və mütləq ədalətini ifadə edir. “Bölənləri bölür” fikri isə dərin fəlsəfi məna daşıyır: varlığı parçalamağa çalışan hər düşüncə nəticədə öz parçalanmasını yaşayır. Bu, həm etik, həm də kosmik qanun kimi təqdim olunur. Şeir belə bir sual və cavabla tamamlanır:

“İncəyurdu bilir Allah –

Aşiqləri necə bilməz!?

Burada şair öz poetik kimliyini daxil edərək Allahın hər şeyi əhatə edən biliyinə işarə edir. “Aşiq” anlayışı isə sadə məhəbbət deyil; bu, ilahi eşq yolçusudur — yəni salik. Sufi ənənədə aşiq Allaha yönəlmiş, özünü itirib Haqqda tapmış insandır. Şairin ritorik sualı əslində cavabı özündə daşıyır. İlahi bilik aşiqi mütləq tanıyır.

Bu şeir bütövlükdə insanın “mən”dən “Haqq”a doğru hərəkət edən mənəvi yolunun poetik xəritəsidir. Bu şeirdə insan yolçudur, bədən qəfəsdir, ruh sərhədsizdir, eşq isə yolun özüdür. Ən düşündürücü məqam isə şeir oxucunu yalnız estetik təəssüratla deyil, daxili sualla da tərk edir: insan haradan başlayır və harada tamamlanır? Cavab isə sufi poetikasının özündə gizlidir — insan tamamlanmır, o, daim yoldadır.

Mən Rafail İncəyurdun bu şeirinin təsirindən təbii ki, uzun müddət ayrıla bilməyəcəm. Şair doğrudan bir ilahilik və sufilik möcüzəsi yaradıb və şeirdəki təkcə şairin özü deyil, qanan, əvvəl ilə sonu anlayan hər bir kəsdir. Bəlkə də hamımızıq. Bu şeirdə əsas dəyişən də elə budur. Şeir “hadisə”dən çıxıb düşüncənin özünə çevrilir. Beləliklə şairin bu şeiri bir müddət insanın daxilində qaynayan vəziyyətdə qalır. Bax möcüzə dediyim bir də budur və mən bu şeiri içimdə davam edən alov kimi qavradım. Bu isə ədəbiyyatın ən maraqlı təsir qatıdır. Şeir bitir, amma onun yaratdığı düşüncə bitmir.