İlqar Əlfioğlu - "Ölüm yaman cavanlaşıb..."

Gündəm 10:40 / 24.04.2026 Baxış sayı: 300

Anar Məmmədxanovun günüdü

 

(üç xatirə)

1988-ci ilin yayı

Televiziya

Səhər işə gələn kimi, həmişə "yaşıl dəftər"imi eşirdim - adət idi. Hamı gününü qəzetdən-jurnaldan, o da olmasa, qeybətdən, dedi-qodudan başlayır, amma mən qeyd dəftərimdən - "Dalğa"nın növbəti buraxılışına mövzu axtarırdım...

-İlqar müəllim, sizdən xahişim var!

Başımı qaldırdım, qarşımda dolu əndamlı, boy-buxunlu, suyuşirin bir oğlan durmuşdu - diqqətlə baxdım, amma tanıya bilmədim.

-Babamın yubileyi olacaq, ondan süjet çəksəniz, yaxşı olar. Gedərik bağımıza... Bütün kitablarını ora aparmışam... Özünu danışdırarsız... Sonra ailəsini göstərərsiz... Yaxşı süjet alınacaq... Demişəm, hazırdırlar, bizi gözləyəcəklər... Nə vaxt gedə bilərik?

-Adın nədir, ay oğlan? Biz tanışıq?

-Yox, tanış deyilik, amma olarıq da. Mənim adım Anardır, universitetdə oxuyuram, birinci kursda. Maşınımız da var... Nə vaxt gedə bilərik?

-Bir dayan görüm! Dedin babanın yubileyi olacaq? Amma söyləmədin ki, baban kimdir...

-Hə, unutdum. Babam professordur, böyük alimdir.

-Anar, bura televiziyadır, çəkilişi planlaşdırmaq lazımdır, belə qəfil olmur axı...

-Gedək çəkək, sonra planlaşdırarsınız da. Mən axı demişəm, gözləyəcəklər.

Düzü, ilk dəfəydi ki, belə vəziyyətə düşürdüm. Bir tərəfdən çəkiliş qrupumuzu bağlarına elə indi apara biləcəyinə əmin olan bu gəncin sadəlövhlüyünə təəccüb qalmışdımsa, digər tərəfdən özümə yazığım gəlirdi - axı bu oğlanın üzündə "şeytan tükü" aşkar görünürdü, saqqızımı oğurlamışdı, texniki məsələləri həll edə bilsəydim, mütləq gedəcəkdim.

...İki saatdan sonra bağlarındaydıq. Həqiqətən yolumuzu gözləyirmişlər - hazırlıq görmüşdülər...

Tanış olduq. Anarın babası gündüz çıraqla gəzəsi kişilərdən, qədim ziyalılardan idi. Belə ziyalılar, belə alimlər artıq çoxdan "Qırmızı Kitab"daydılar...

Bizim başımız söhbətə qızışmışdı, Anar isə operatorumuza ərklə keçid planları çəkdirir, müsahibə üçün yeri düzəldir, kameranın rakursunu müəyyənləşdirirdi...

İşimizi qurtardıq, bər-bəzəkli masanın arxasına keçdik, deyə-gülə nahar elədik. Bu gözəl ailədəki məhəbbət məni valeh etmişdi - xüsusilə də baba-nəvə məhəbbəti. Lap axırda Anardan bircə şey soruşdum:

-Hansı fakültədəsən?

-Riyaziyyat.

-Bəs bunları hardan bilirsən?

-Keveenşikəm də, məktəbdə komandamız var...

-Belə de! Sən də "Qusman" virusunun daşıyıcılarındansan deməli...

1999

Torqovı küçəsi

-İlqar müəllim, salam, necəsiz?

-Yaxşıyam, sağ ol. Sənin işlərin necədir?

-Pis deyil. Milli Məclisdir də...

-Bir iş görə bilirsən?

-Ürəyim istəyən qədər yox.

-Niyə?

-Camaat elə bilir ki, bizim səlahiyyətimiz nəhayətsizdir. Mən çox görüşürəm onlarla, hərə bir şey istəyir, bilmirsən nə cavab verəsən...

-Nə etsinlər, məmurlara əl çatmır, dərdlərini "xalq elçisinə" deyirlər də...

-Başa düşürəm, amma onların problemləri deputatlıq deyil.

-Onda heç görüşmə. Görüşsən də, sal zarafata - keveenşik deyilsən, səndən inciməzlər...

-Hə, çarə ancaq buna qalıb. Onsuz da nə iş görsəm, adım "KVN kapitanı"dır...

-Bəlkə elə Milli Məclisdə də bir komanda yaradasan? Bir fikirləş, eləyə bilsən, deputat korpusunu xalqa sevdirərsən, camaatın dərdləri də yadından çıxar...

-Yox orda alınmaz. Kontingent uyğun deyil - çətin gülürlər...

2011

"Mona Liza" şadlıq evi

-O-o, İlqar müəllim, xoş gördük, həmişə toyda!

-Xoş günün olsun, Anar! Balalarından görəsən!

-Nə var-nə yox? Haralardasınız? Nə iş görürsünüz?

-Tərcümə eləyirəm, dünya ədəbiyyatını...

-Nə yaxşı!..

-On beş il vaxt itirdin, amma Məclisdə bir dənə "Bakılı oğlanlar" komandası yarada bilmədin də...

-Necə yaradaydım, orda nə bir komandalıq bakılı vardı, nə də oğlan...

-Eybi yox, keçənə güzəşt deyərlər. Neşə il çəkdi ekperimentin? On beş? Elə hesab et ki, əskərliyə yollamışdılar... Yaxşı, indi nəylə məşğulsan? Ciddi bir iş görürsən?

-O qədər iş var ki... Sizi axtaracaqdım... Yaxşı proyektlər var - film eləmək istəyirəm. Birini deyim: Təsəvvür edin ki, məktublar tapmışam - Bakı qubernatoru ilə Çar Üçüncü Aleksandrın yazışmasını. Aleksandr bizim qubernatora yazır ki, eşitmişəm Avropada bir cihaz var, insanlar bir-bir biriylə uzaqdan naqillərlə danışır, istəyirəm ondan Peterburqa gətirim. Bizim qubernator isə ona cavab yazır ki, Batyuşka, o cihazın adı telefondur, Bakıda üç ildir ki qurulub, istəsəniz, paytaxta da göndərərik...

-Çox maraqlıdır...

-İstəyirəm Azərbaycanda rabitənin tarixindən yaxşı bir film çəkəm. Kömək edərsiniz? Başqa ideyalar da var... Ümumiyyətlə görüşmək lazımdır, məsləhətləşək...

-Məmnuniyyətlə. Nə vaxt və harda desən, hazıram.

-Mütləq zəng çalacam...

-Gözləyəcəm...

* * *

Deyirəm 40-dan 15 çıxanda, 25 qalır.

25-dən də 7 (uşaqlıq) və 10 (orta məktəb illəri) çıx - qaldı cəmi 8...

Anar nə etdisə, nəyə nail oldusa, elə həmin 8 ildə oldu.

Bir də bunu deyirəm ki, bizim vaxt itirən vaxtımız deyil - Ölüm yaman cavanlaşıb...