Kamala Abiyeva Aydın Qızı : - Yenildim
(Qızıma)
Bütün duyğuları sənlə yaşaya bildim.
Məyus baxışlarını daşıya bilmədim.
Bacarsan bağışlamağı...
Ayın solğun işığı gizlənir gözlərinin
dərinliyində.
Sükutunun ahı gözlərimin dərinliyində.
Susma.
Əllərinin susqunluğunu eşidirəm.
Yorğun gülüşündə "yaxşıyam"
sözünün kədərini hiss edirəm.
Yer kürəsi titrəyir səsin titrəyəndə.
Kainat kimi.
Daha axtarmıram həqiqətimi..
İçiboşlardan qorumağı bacarsaydım
...İnamım ümidsiz qalmazdı,
ümidim belə dərdli olmazdı...
Məyus baxışın, yorğun gülüşün,
səsinin titrəyişi
ədalətin olmadığı etirafına dirənişim...
Haqqın olmayanlardan,
haqsızlıqla üzbəüz qalmandan
mən də yoruldum, bitmir yorğunluğum.
Kafirlərdən, kifirlərdən yoruldum.
Kafirlərin namaz qılmasından,
kifirlərin gözəl təqdimatından yoruldum.
Mən bunlara təkbaşına yenə də dözərdim,
Səninlə dözmədim.
Küsdüm, incidim, bezdim,
qəddar da oldum,
qisas almaq da keçdi ürəyimdən.
Ən gözəl duyğular susur ürəyimdə.
Yox olur. Bəlkə ölür...
mən sevgiydim əslində,
nifrət etməyi də öyrəndim.
Amma nifrətə yenilmədim.
Hətta özümü xoşbəxt bildim,
tək bir duyğuya-bir sevgiyə yenildim.
Vətəni sevdim nə edim?..