Qəşəm İsabəyli - O, MƏNİ SEVİRMİŞ...
1.
Anam deyərdi:
–Gözəl-göyçək bir qız görəndə deyərdin: “Ay ana, bax ey, gör nə yaxşı qızdı, bunu al mənə”.
–Arxayın ol, bala, sən böyüyən kimi o qızı alacam sənə, deyərdim.
Sonra da başqa bir qızı görərdin...
2.
Universitetin birinci kursunda oxuyurdum. Bir günorta yataqxanaya qayıdanda, gördüm qarşıdan bir qız gəlir. Elə bil mənə dedilər – o qıza diqqətlə bax. Baxdım da. Bəstəboy, yumrusifət, çənəsində aypara şəklində güclə sezilən yaraşıqlı çapığı da vardı. Qız tələsik addımlarla keçib gedənə qədər kəndçi avamlığıyla gözüm qaldı sifətində. Heç gözünün ucuyla da baxmadı mənə.
“Kaş, bu qız mənim olaydı!” fikri ürək döyüntümə döndü.
Sonralar dərs... kitab... qız yadımdan çıxdı. Bir də axırıncı kursda üz-üzə gəldik. Elə həmin günü də sirrimi tələbə yoldaşım S-ya açdım:
–Sənə bir işim düşüb.
Diqqətlə üzümə baxdı:
–Nə işin?!
–“Kimfak”da bir qız var... – başlayıb təsvir elədim. – Bəlkə tanıyasan?
– L-nı deyirsən? Bir kənddənik, orta məktəbi də bir oxumuşuq. Hər tədbirdə də ikimizi çıxardırdılar qabağa.
–Xoşum gəlib ondan! Gör... nə deyirsən!
–İstəyirsən poçtalyonluq eləyim sənə?!
–Pis olmaz!
–De, görüm, nə deyim.
–Onu deməzlər ki?!
–Elçiliyini eləyim, hə?!
–...
Elədi də. Qız da, gözləmədiyim halda, əlüstü razılıq verdi.
Başladıq görüşməyə. Adı görüşmək olsa da, gizlinliyi yox idi. Axşamlar qızlar yataqxanasına gedirdim, çağırtdırırdım, düşürdü 1-ci mərtəbəyə. İş o yerə çatmışdı, anamı da, zəng eləyib kənddən gətizdirmişdim. Tələbə yoldaşım Nadir dedi:
–Ana, oğlun sərçəni gözündən vurub!
–Ay bala, təki axıracan olsun!
Anam da gedib görüşmüşdü qızla. Qayıdandan
sonra demişdi: “Elə sizin kimidi, bala, süfrənin üstündə də kitab oxuyur.”
Beləcə hələ də bir-birinə qaynayıb qarışmamış həyatımız öz axarıyla davam eləyirdi. Birdən... foyesində görüşdüyümüz qızlar yataqxanasının qapısını tufan vurub açdı. L-nın rəngi boğulub, qaşları çatıldı. Mən geri çevriləndə dolu bədənli, orta boylu, sağlam bir gəncin hirslə içəri girdiyini gördüm. Yanında bir nəfər də vardı. Yenidən üzümü L-ya çevirdim. Qız məni unutmuşdu sanki – kinli nəzərlərini oğlandan çəkə bilmirdi:
–İlandı ey... adam deyil bu!
–Kimdi ki?
–Bir kursda oxuyuruq, əl çəkmir məndən.
Nə gizlədim, dava-dalaşda əli olmayan biri kimi istiləndim. Tez eşiyə çıxıb, yaşadığımız üzbəüz yataqxanaya
səs elədim. O dəqiqə tələbə yoldaşlarım – Nadir qabaqda, Nizamiylə Telman da arxada qaçıb gəldilər. Çağrılmamış qonaqlar aradan çıxdı...
3.
Bir dəfə, necə oldusa L.-nı istəyən həmin oğlanla
şəhərdə üz-üzə gəldik. Çox sakitcə, deyərdim ki, bir az
da mehriban salamlaşıb mənimlə, başladı qızdan danışmağa. Elə bil anadan mənimlə bir doğulmuş xasiyyətimdən – qatı qısqanclığımdan xəbəri varmış zalım balasının. Axırda qayıtdı ki, bir dəfə tələbə yoldaşlarımızla fakültəmizdə musiqili, nəğməli gecə təşkil eləmişdik. L. da öz xalası oğluyla gəlib çıxdı. Və başladılar Avropa dəbi üstdə qoşa rəqs eləməyə...
Qeyrət məni necə boğdusa... – necə yəni mənim istədiyim qız haçansa xalası oğluyla rəqs eləyib... – daha oğlanın nə dediyini eşitmədim. Ondan ayrılan kimi dönüb oldum Otello... Axşamı belə gözləməyə səbrim çatmadı. Qaratikan kolu kimi gedib bitdim yataqxananın birinci mərtəbəsində.
Sanki qızlar qulağa durubmuş. Mən ağzımı açmamış bir də gördüm ki, L. sevinə-sevinə pillələri enir. Yanıma çatıb, sifətimə baxanda gözləri böyüdü:
–Nə olub sənə?
–Heç...
– Niyə qanın qaradı bəs?
–Canıyanan olmusan?!
–Sözlü adama oxşayırsan axı.
–Sən xalan oğluyla rəqs eləmisən?
Əvvəlcə duruxdu. Sonra yadına düşmüş kimi:
–Tələbə yoldaşlarımla bir gecə təşkil eləmişdik,
orada, – dedi.
Etiraf eləyim ki, qəribə bir heyvani hiss var məndə. Xoşum gəlməyən insana demərəm “səndən xoşum gəlmir!”, üzümü çevirib, çıxıb gedərəm. Özü də həmin adama dünyalarca məhəbbətim olsa belə, bir anda ürəyimdən silib ata bilirəm.
L.-ya da, xudahafizləşib-eləmədən, laqeydcəsinə arxa çevrib, çıxdım yataqxanadan.
Elə səhəri günü eşitdim ki, o gecə L. necə həyəcanlanıbsa, hətta “Təcili yardım” da çağırıblar üstünə.
Bundan sonra aylarla təhsilimiz davam eləsə də, onunla heç üz-üzə də gəlmədim...
4.
Ali məktəbi bitirəndən altı-yeddi il sonra Beşmərtəbənin yanında L.-nı istəyən oğlanla rastlaşdım. Məlum oldu ki, ailə qurublar, üç uşaqları da var.
Oğlanda həyat yoldaşının keçmişinə qarşı şübhə olmasın deyə, özümə borc bildim ki, L. ilə münasibətimizi aydınlaşdırım:
–Deyim ki, yataqxanada hamının gözü qabağında dörd-beş dəfə atüstü, ayaqüstü görüşməkdən başqa heç bir yaxınlığımız olmayıb. Əlim əlinə də toxunmayıb heç. Xoşbəxt olasınız!
5.
Hər il tələbə yoldaşlarımla Bakıda – restoranların birində yığışıb, deyə-gülə keçmişləri xatırlayır, bir neçə saatlıq ailə-uşaq qayğılarından uzaq oluruq. Belə görüşlərin birində tələbə yoldaşım S. az qala qınayıcı nəzərlərlə üzümə baxdı:
–L.- dan xəbərin oldu?
–Əlbəttə. Onu istəyən tələbə yoldaşına ərə gedib. Üç uşaqları da var hətta.
–Sən nə danışırsan, özü haqqında nə bilirsən?
Çiynimi çəkdim:
–Heç nə.
–Rəhmətə getdiyini bilmirsən?!
–Rəhmətə... nə danışırsan?! Nə ağır xəbər oldu bu?! Axı cavan idi!
–Ölümündən beş ay əvvəl kəndimizdə görüşdük. İnan ki, ilk sözü sən oldun: “Necədi, neyləyir?!”
“Yaxşıdı, – dedim, – o da gəlib Bakıya.”
L. gözünü üzümə dikib bir qədər susdu. Sonra uzaqlara baxıb ah çəkdi:
“Ölüncə o mənim yadımdan çıxmayacaq!”
2019 - 08.10.2026