Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası -  Elnarə Qaragözova, Fil.f.d., dosent

YAZARLAR 14:14 / 16.10.2026 Baxış sayı: 712

 

 

Son illərin nəsrinə nəzər saldıqda müasir Azərbaycan ədəbiyyatında hekayə janrının kəmiyyət və dinamika, eləcə də mündəricə baxımından digər janrlardan üstünlük qazanması xüsusilə diqqəti cəlb edir. İllər öncə Vaqif Yusifli qeyd edirdi ki: “Çağdaş nəsrimizin indiki durumunda hekayə qıtlığından şikayət etməyə heç bir əsas tapa bilmərik. Hətta vaxtilə iri romanlar yazan, bir-birinin ardınca povestlər qələmə alan müəlliflər hekayə janrına müraciət edirlər.” Bu tendensiya indi də davam etməkdədir və müasir nəsr mənzərəsinə məhz hekayə janrı öz dinamik inkişafının yeni etapına qədəm qoyması ilə yadda qalır. Bu janrın inkişaf dinamikasını aşağıdakı iki hekayənin timsalında da izləmək mümkündür .

İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi klassik nəsr xəttinin və üslubun müasir ədəbiyyatımızda nəinki öz mövqeyini qoruduğunu, hətta daha da inkişaf edərək yeni çalarlar, yeni imzalar və sinkretik xüsusiyyətlər qazandığını sübut edir. Hekayədəki qarovulçu obrazı insan və tale probleminə fərqli bucaqdan nəzər salmağa imkan verir. Əsərin baş qəhrəmanının qarovulçuluqla (oxu: tərki dünyalığın realist versiyası) unutmaq istədiyi ağrıları: öz qızına münasibətdə cəmiyyətinə qanunlarına uyğun hərəkəti, vəfat etmiş həyat yoldaşı ilə bağlı xatirələr bir bayquşun səsi ilə yenidən canlanır. Yuxularına gələn həyat yoldaşı ilə xarabalıqdakı qadının oxşarlığı isə hekayənin baş qəhrəmanın ölümü ilə sonlanmadığını, əksinə bu nöqtədən tam yeni bir mətnin başlama potensialını olduğunu göstərir: “Uçuq damın altında çöməlib ağ kəfənə bürünmüş qadının kölgəsi əyildi, sanki göydən yerə qanad saldı, başını qarovulçunun parçalanmış sinəsinə sıxıb, gözünün qorasını tökdü: “Aman!.. Sən neynədin, ay zalım, əlin qurusun!.. Kürəyin hardan deşildi, ay kişi? Ağ kəfənin necə boyandı qanına, ay kişi? Qarğışamı urcah oldun, günahamı batdın?!” – ölümlə əlləşən qarovulçunun canına, sümüyünə, iliyinəcən yeriyən bu kəsik hıçqırıqlar, vay-şüvən, bayquş ulartısına çevrilib gecənin soyuq ruhundaca əriyir, acı göz yaşları qanlı su kimi axıb sellənirdi…” Hekayə öz siqləti, magik-mistik elementləri və eyni zamanda realist materialın alternativ süjet xətlərinə şaxələnmə imkanları ilə povest janrına doğru inkişaf etdirilə biləcək mətndir.

Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın çəkdikləri məhrumiyyətləri və doğma yurd həsrətinin ağrısını kiçik bir qızın yaddaşından qopan qəlpələrlə təsvir edir. Hekayənin birinci şəxsin özünü tanıtması ilə başlaması Azərbaycan ədəbiyyatında çox istifadə edilən bir üslubdur. Bu üslub – autodiegetik nəqletmə, yəni nəql edənin həm hadisə şahidi, həm də iştirakçısı olması Mir Cəlal Paşayevin, Cəlil Məmmədquluzadənin, Anarın da yaradıcılığında mövuddur. Mətnin müəllifi və qəhrəmanı Süsənbər yaşanılan deportasiya hadisəsinin sadəcə təsvirini vermir, o həm də bu hadisənin tarixə məhz ibrətlik bir hadisə kimi yazılması, gələcəkdə bir daha təkrarına imkan verilməməsi üçün özündən sonrakı nəsillərə mesaj ötürür: “ Əsl yazıçılar kimi cəlbedici, ədəbi dilin bütün mümkün imkanlarından bəhrələnərək yazmaq istədiyim o hadisəni üstündən 2-3 ay keçəndən sonra unutmaq istədim. Hiss edirdim ki, bu yüklə çox uzağa getmək, sadəcə, mümkün deyil və onda başa düşdüm ki, yox, yazmağım mütləq lazımdır. Azından ona görə bu qənaətə gəldim ki, hekayəmi, bəlkə də böyüklər oxuyar və öz balalarının naminə oxşar hadisələrin baş verməsinin qarşısını alarlar.” Mahirə Nağıqızının hekayəsində həm Axta kəndinin tarixinə, həm də ermənilərin torpaq iddialarının tarixinə ekskurs edilir. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də Süsənbərin salıb sındırdığı qrafin - onlara yardım əli uzadan Məsmə xalanın anasından qalma qrafini ilə bağlıdır. İlk baxışdan sadə bir hadisədir, bəlkə də bu məqamın üzərindən Məsmə xalanın anası ilə bağlı xatirəsinin maddi təzahürünün sınmasından doğan təəssüfü qeyd edərək keçmək olardı. Lakin hekayənin sonunda Mahirə Nağıqızı bu məqamı simvola çevirməyə nail olur: Süsənbər illər sonra Məsmə xalanın qrafininin oxşarını taparaq ona hədiyyə etmək istəyir. Lakin Məsmənin cavabı “Ay bala, mən bu qrafini yadigar olduğu üçün əzizləyirdim. Səndən bunu götürə bilmərəm.” olur. Bununla Mahirə Nağıqızı bir məqamı vurğulayır: qərbi azərbaycanlılar vətəndən vətənə köçsə də, Azərbaycanın istənilən guşəsi onlara doğma olsa da, o torpaqlarda onların əcdadlarının, analarının, atalarının yadigarları, xatirəsi, yaddaşı qalıb. Və bu yadigarı unutmaq olmaz!

Nümunə olaraq təhlilə cəlb etdiyimiz hekayələr çağdaş nəsrimizdə hekayənin nəsr janrları iyerarxiyasında işləkliyinin artması, ifadə imkanlarının genişlənməsi ilə bağlı müşahidəmizi faktoloji olaraq da təsdiq edir.