Əlisəfa Azayev - Böyük ağrı
Mən bu üç böyük ağrının səbəblərindən söhbət açmaq istəyirəm. Mətləbi çox da uzatmaq fikrində deyiləm. Ona görə bu mövzuya müraciət etdim ki, qoy Azərbaycan ictimaiyyəti kimin kim olduğunu az-çox hiss etsin. Axı bəzən biri elə kölgədə qalır, kimliyimizdən yaxınlarımız belə xəbərsiz olurlar. Belə isə dinləyin...
Birinci ağrı
01.10.2026-cı il tarixli gündə Azərbaycan Yazıçılar Birliyində 75 illik yubiley tədbirim olmalı idi. Anar müəllimin köməkçisi Rauf Arifoğluna müraciət etdim. Kitab-dəftərində həmin günü qeyd elədi. Mənə yaradıcılıq uğurları arzuladı. Ancaq sədrlə görüşə “yox” deyəndə, daha buna mən dözmədim. Sözlərimi dedim. O, incik halda Anar müəllimin yanına getdi. Sədr məni qəbul elədi. İkilikdə xeyli söhbətimiz oldu. Hətta dedi: "75 illik... Təbrik edirəm... İndi hələlik fəxri adların verilməsini dayandırıblar. 80 illikdə müraciət edərsən, bir iş görərik". Doğrusu, Anar müəllimin bu sözləri mənə çox xoş gəlməklə yanaşı, həm də bir qədər heyrətləndirdi. Respublikamızda yuxarı yuxarı yaş həddi, məncə, 72 ilə hesablanır. Elə pensiya, təqaüd məsələsində. 80 illiyə kim zəmanət verir ki, bu ömrü yaşayacağıq?! Qalmışdı həmin vəzifədə də olasan...
Bəlkə də elə bu səbəbdən tədbiri katiblərdən birinin aparması müşkülə döndü. Yenə sağ olsun yazıçı qardaşımız Elçin Hüseynbəylini. Bu ağır anlarda kara gəlib, əziyyətimizi çəkdi. Gözəl yazıçımız Mustafa Çəmənli ilə birlikdə.
O anlarda məclisə nəzər salanda görmək istədiyim üç insandan heç biri diqqətimi cəlb etmədi. Onun biri Milli Elmlər Akademiyamızın tənqid şöbəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaraqözova idi. Bu təmkinli xanımı həmişə görəndə doğma anama oxşadar, onun özünü bir ləyaqətli xanım kimi aparmasından qürur duyardım. Ancaq kimliyindən xəbərsiz idim. Bəlkə o da heç məni tanımırdı. Ta "Ədəbiyyat qəzeti"ndə yazdığı "XXI əsrin Konan Doylu: Çingiz Abdullayev" yazısına kimi. Həmin qəzetdə özümə aid sətirləri oxuyanda çox təsirlənən, həyəcanlanan, kövrələn kimi oldum. Elnarə xanım şəxsən məni tanısaydı, yazı bu qədər təsir eləməzdi mənə. Deyərdim ki, xoş sözlərdi, yazıb da ünvanıma. Ancaq o məni şəxsən tanımırdı axı. O günə kimi belə bir insanın varlığından mən də xəbərsiz olmuşdum. Həmin yazı belə idi: "Detektiv janrın ədəbiyyatımızda ilkin nümunələri XX əsrdə yaranmışdır. Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə", Cəmşid Əmirovun "Qara Volqa", "Brilyant məsələsi", Əlisəfa Azayevin "Gecəyarı sui-qəsd", "Sirli əməliyyat" əsərləri janrın inkişafının ilkin etapını təmsil edirdi. Bəhs edilən əsərlər sovet ədəbiyyatı nümunələri kimi dövrün siyasi-ictimai tələblərini özündə ehtiva edirdi. Bununla yanaşı, həmin əsərlərin bu gün də oxucular tərəfindən sevildiyini, təkrar-təkrar oxunduğunu qeyd etməliyik". Bəli, həmin gün gözüm yollarda qaldı ki, Elnarə xanım tədbirə gələ, bu məsələlərdən söhbət aça. Məndə olan məlumata görə buna səbəb Akademiyada xarici qonaqların iştirakı ilə keçirilən yüksək səviyyəli seminar olub.
İkinci ağrı
Həmin tədbirdə mən onu da intizarla gözlədim. Filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanı. Ancaq o gələ bilməyəcəyi səbəbini əvvəldən bildirmişdi. Elə bu seminar səbəbindən.
Mərziyyə xanımla tanışlıqlarının çox maraqlı bir tarixçəsi var. Təqaüdə çıxandan sonra Bakıda, Memar Əcəmi metrosunun yaxınlığındakı mənzillərdən birində kirayədə yaşayırdılar. Arada qəzetlərə baxanda bir elan diqqətini cəlb etdi. 2018-ci ilin ədəbi prosesinə yekun vurulacaqdı. Dinləmək maraqlı olardı.
Tədbirin başlamasına hələ vardı. Dəhlizdə gəzinəndə qapının üstündəki yazı diqqətini cəlb etdi: “Müasir Azərbaycan ədəbiyyatı”. Qapını döyüb, içəri girəndə iki gənc xanımın şirin-şirin söhbət etdiklərini gördü. Sarışın xanım soruşdu:
— Siz də yazarlardansınız?
— Bəli
— İsminiz?
— Əlisəfa Azayev.
O, dərhal yerindən qalxaraq, gülümsər halda səsləndi:
— Nə gözəl... Mən sizi tanımadan “Əsgər anası” povest kitabınızı oxumuş, elmi məqalə yazıb “Ədalət” qəzetində dərc elətdirmişəm.
Yazının əvvəl surətini çıxarıb mənə vermək istəsələr də, ağ vərəq tapılmadı. Əlacsız qalıb elə kitabı ona verəsi oldu. Akademiyadan çıxandan sonra yaxınlıqdakı parka gəldi. Skamyaların birində əyləşərək yazını maraqla oxumağa başladı. Demək olar ki, yazıda əsər ancaq təriflənirdi, tənqid yox idi.
Mərziyyə Nəcəfovanın general Polad Həşimovdan bəhs edən “General qətiyyəti” romanı haqqında yazdığı “Əlisəfa Azayevin əsərlərində general obrazı” yazısı da xoş qarşılandı. Müəllifin həmin yazısı Türkiyədə, Bolqarıstanda saytlarda dərc olundu. Yazı "Ədəbiyyat qəzeti"nin 26.10.2026-cı il tarixli nömrəsində də işıq üzü gördü.
Ancaq həmin gün yubiley tədbirimə məlum səbəbdən Mərziyyə xanım da gələ bilmədi. Nə də mən həmin məsələdən söhbət aça bildim.
Üçüncü ağrı
Yubiley tədbirimdə həsrətlə gözlədiyim insanlardan biri də AMEA-nın tənqid şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nurlanə xanım Məmmədova idi. Çox istəyirdim ki, həmin xanım şəxsən “Əsgər anası”, “Qanlı gündəlik” kitablarım əsasında hazırladığı, Türkiyədə Qarabağ mövzusunda keçirilən böyük bir konfransda məruzə etdiyi mövzu barədə burada söhbət açaydı. Həmin məruzə dərc olunmuş, dörd dildə çıxan — ingilis, rus, türk, Azərbaycan dillərində çap olunmuş həmin beynəlxalq jurnalı Akademiyamızın tənqid şöbəsində mənə təqdim edəndə qürurdan qəlbim dağa döndü. Onda Nurlanə xanımla da məni tanış etdilər. Arğaz, səmimi bir gənc xanım idi. Qonşu Ucar rayonunda doğulmuşdu.
Bu böyük xeyirxahlığına görə mən həmişə ona özümü borclu hesab edirdim. Akademiyanın saytında, ona məxsus səhifədə kimliyi barədə oxuyub, məlumatlanmışdım. Ad günü məlum idi. Həmin günün gəlməsini xeyli müddət gözlədi. Şəxsən bu məqsədlə Kürdəmirdən Bakı şəhərinə gəldim. Bilmədi ki, nə hədiyyə etsin ona. Sadəcə zərfə yüksək məbləğli bir əsginas qoyub ona hədiyyə etmək istədim. Nə alacaqdısa, qoy özü alsın.
Telefon zənginə Nurlanə xanım sakit halda:
— Bəli, eşidirəm, — dedi.
Səsim titrədi:
— Nur...la...nə xa...nım...
İlahi, bəlkə də bu ömrünün ən ağır anlarından biri idi. Xəcalət içində onu həyət qapısı önündə gözlədiyimi bildirdim. O anları xatırlayanda indi də əzab çəkirəm. Təbiətinə yad bir hərəkətlər idi. Heç nədən yersiz hərəkəti ilə onu da pis vəziyyətdə qoymuşdu.
Nurlanə xanımı təbrik etsə də, hədiyyədən qətiyyətlə imtina elədi. Hətta pərişan halda dedi: "Çox sağ olun... Zəhmət çəkmisiniz... Ancaq, inanın, mən onu götürə bilmərəm... Bir də ki, burada hər tərəf kameradı..."
Bizim ailədə həmişə qızlar çoxluğu olub. Beş bacım olduğu kimi, özümün də beş qızım olub, indi də var. Zarafatla hərdən qayınanam Əhli xalanın ünvanına deyərdim: "Allah kömək olsun ona... O qədər dedi ki: "Allah bundan üç dənə ver, beş dənə ver!" deyə-deyə beşə çatdırdı".
Ailə səmimiyyəti başqadı. Qızlarımı deyə bilməsəm də, bacılarım həmişə məni çox istəyiblər. Üç qardaş olmuşuq: Əlisəfa, Əliqasım, Əlisa. Atam Soltan zəhmətkeş, sürücü, sərt adam olsa da, çox qonaqpərvər, təsərrüfatçıl idi. Bu səbəbdən ehtiyacın nə olduğunu bilməzdik. Demək olar ki, vaxtaşırı həyətdə qoyun kəsilər, qonaq-qara olardı. Kürdəmirin bir nömrəli fotoqrafı erməni Qirişa ilə dost idi. Cəbhə yoldaşı Andrey qardaşına məktub qoyub dünyasını dəyişmiş ki, Kürdəmir rayonunun Qaramahmudlu kəndində belə bir adam var. Yanında ol, qəbul etsə, onunla dost ol, yoldaşlıq elə.
Həmin məktubla bir axşamüstü Qirişa ailəvi onlara gəldi. Əslən rus olan həyat yoldaşı Valya, övladları Emma, Zionik, Alla... Sonradan bu münasibət əsl dostluğa çevrildi. Bir müddət sonra atası şərtlənib tutulanda, il yarım həbsdə qalanda onlardan başqa qapılarını açan olmazdı. Demək olar ki, Qirişa hər həftə otuz kilometr yolu qət edərək onlara yedəkli motosikletinin yük yeri dolu ərzaq alıb gətirərdi. Orada nələr olmazdı: un, düyü, yağ, şirniyyat, müxtəlif çeşidli konfetlər, şokoladlar. Kiselin, şirin südün, kofenin nə olduğunu onda bilmişdilər.
Vaxtaşırı da onları təzə aldığı "Zaporojets" maşınına mindirib Bakıya, atası ilə görüşə aparardı. Nənəsi qatı dindar idi, oruc tutub namaz qılardı. Həmişə yemək yediyi qab-qacağını, çay içdiyi stəkanı onlardan qoruyardı. Elə ki, bu qayğıkeşliyi gördü, kövrəklik içində hey onlara dua edər, ünvanlarına xoş sözlər deyərdi.
Milli münaqişə dövründə onlar Kubana köçdülər. Vaxtaşırı atama məktublar yazardı. Erməniləri lənətləyirdi. Necə ki, böyük qızı Emmanı Stepanakertə gəlin köçürəndən sonra gəlib demişdi: "Yox... Soltan... Bunlar millət deyillər... Çox pis səhv eləmişəm... O qız orada bədbəxt olacaq..."
Elə sonradan bir xəbər bilinmədi də... Əvvəl özü, sonra həyat yoldaşı, oğlu da dünyasını dəyişdi. O nəsildən yeganə qalan qızı Alladı. İlahi, onun uşaqlığını necə də xoş xatirələrlə xatırlayır. İri, badam gözlü bir qız idi. Nurlu siması sanki işıq saçırdı. Bir dəfə ağır xəstələndi. Həkimlər qəribə bir əlac yolu dedilər: "Onu təyyarə ilə gəzdirmək. Yuxarıda təmiz hava alsın". Yazıq Qirişa qayğıkeş bir ata kimi hər şeyə getdi. O vaxtlar Kürdəmirdə pambığa gübrə, zəhər, şəpən təyyarələr vardı. "Kukuruznik" deyirdilər onlara. Qarabağ müharibəsində düşmənin yerini müəyyən etmək üçün uçurdurdular onları. Düşmən atəş açandan sonra oranı nişanlayıb məhv edirdilər.
Bəli, artıq 75 yaşı tamam oldu. Bu günlərdə yubileyini qeyd elədi. Bu illərdə nələr görmədi, nələrin şahidi olmadı. Xalq yazıçısı Çingiz Abdullayevə minnətdardı. Çox sağ olsun ki, belə xoş sözlər yazaraq “Ədalət hissi” yazısını “525-ci qəzet”də, “Ədalət” qəzetində dərc etdirdi. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun deməsinə görə, həmin yazı onların da qəzetində dərc olunacaqdır.