Bu dövlət bizimdir - Məmməd Qədir
Oynadır çoxunu əcnəbi çalğı,
Gəlir bu nağıldan qəsdin havası.
Vətən savaşında birləşən xalqı,
Neçə yerə bölür hicab davası.
Həqarət püskürür, hərzə paylaşır,
Hər növ şəbəkədə, min cürə postlar.
Sevgi yoxa çıxır, kin aşıb daşır,
Düşmənə çevrilir dünənki dostlar.
Sözləri çəp gəlir evin içində,
İmanda suçlayır oğul atanı.
Şeytan cövlan edir elin içində,
Görən kim azdırıb bu şarlatanı?
Daha düşmən olub qardaşa qardaş,
Xoruz da boşayıb tərs fərəsini.
O gün də şeytana atılan bir daş,
Çatlatdı təhsilin pəncərəsini.
Heç kim esidəmmir heç kimin səsin,
Sözü tutmaq olmur çalğı içindən.
Məqsəd bu deyilmi, aydınlar desin,
Bölüb parçalamaq xalqı içindən?
Bu millət bizimdir, bu dövlət bizim,
Qalxan bayrağımız bir daha enməz.
Hamı düşmənidir birliyimizin,
Bu çətin donəmdə lal qalar dinməz.
Milli birlik üçün, ayılaq, duraq.
Nahaq yoxa çıxa, yenə haqq qala.
Desinlər:- Yox, təzə nağıl uyduraq,
Hicab boşa çıxdı, keçək saqqala...