INSAN OLMAQ ISTEDADI
Həyatda ən ağrılı an - savadı, səviyyəsi, mədəniyyəti şübhə doğuran bəzi adamların başqalarına dərs vermək, ağıl öyrətmək istəyinin şahıdı olmaqdır. Belə vaxtlarda təəssüflənməkdən başqa heç nəyə gücün çatmır.
Həyatım boyu dərin savadlı, zəngin mənəviyyatlı və müdrik adamları sadə və mehriban gördüm. “Həyat” və “Azərbaycan” qəzetlərində çalışdığım illərdə haqqında bir neçə məqalə ilə çıxış etdiyim böyük alim Abdulla Muxtarov kimi.
Onun savadı, elmi nüfuzu və gördüyü işlər nə qədər böyük idisə, özü bir o qədər sadə və mehriban insan idi. Onunla söhbət edəndə özünü çoxdan tanıdığın, rahat ünsiyyət qura bildiyin bir insanla danışırmışsan kimi hiss edirdin. Redaksiyaya gələndə mütləq “qoy elqızıma baş çəkim,” – deyib otağımıza gələr, “ləzgi qızı, necəsən?”- deyib mənimlə hal-əhval tutardı. O qədər maraqlı müsahib idi ki, ətrafında dərhal gurluq yaranardı.
Abdulla İbrahim oğlu Muxtarov 1918-ci il dekabrın 24-də Dağıstanın Rutul rayonunun Saxur kəndində anadan olub. Milliyyətcə saxur idi. Erkən yaşlarında anasını itirib və 1924-cü ildə atası ilə birlikdə Zaqatalaya köçüb. Zaqatala Pedaqoji Texnikumunda oxuyub. Daha sonra Bakı Kənd Təsərrüfatı Texnikumunu bitirib və Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1945-ci ildə universiteti əla qiymətlərlə bitirib elmi fəaliyyətə başlayıb. Sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1950-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Onun elmi həyatı əsasən nəzəri fizika ilə bağlı olub. Kvant elektrodinamikası, elementar zərrəciklər, nüvə fizikası, yüksək enerjilər fizikası və polyarlaşma hadisələri üzərində çalışıb. Elmi rəhbəri A.A. Sokolovla birlikdə fermionların və fotonların polyarlaşmasını hesablamaq üçün yeni üsul təklif edib. Sonralar bu üsulu daha da inkişaf etdirib və yüksək enerjili zərrəciklərin fizikası ilə bağlı mühüm tədqiqatlar aparıb.150-dən çox elmi məqaləsi yerli və xarici nəşrlərdə çap olunub. Əsərlərinin bir qismi dünya alimləri tərəfindən yüksək qiymətləndirilib.
Abdulla müəllim Azərbaycanda nəzəri fizika elmi məktəbinin əsasını qoyub. Onun rəhbərliyi ilə 20-dən çox fizika-riyaziyyat elmləri namizədi və 5 elmlər doktoru yetişib. Onun tələbələri sonralar müxtəlif elm mərkəzlərində və ali məktəblərdə fəaliyyət göstərərək bu məktəbi davam etdirdilər. Abdulla müəllimin bütün elmi-pedaqoji fəaliyyəti uzun illər Bakı Dövlət Universiteti ilə bağlı olub. Burada müəllim, dosent, professor, dekan və kafedra müdiri kimi çalışıb. O, universitetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycanda fizika təhsilinin inkişafına da böyük diqqət yetirib. Azərbaycan dilində “Statistik fizika” və “Kvant mexanikası” dərsliklərini hazırlayıb. Ali və orta məktəblər üçün dərsliklərin tərcüməsi və redaktəsində iştirak edib, məktəblilər üçün fizika olimpiadalarının təşkilinə rəhbərlik edib.
Abdulla müəllim uzun illər Dağıstan, Aşqabad, Səmərqənd və Düşənbədə də mühazirələr oxuyub, həmin bölgələr üçün yüksək ixtisaslı nəzəri fiziklərin hazırlanmasına kömək edib.
1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən Abdulla müəllim həm tələbkar alim, həm yaxşı müəllim, həm də qayğıkeş ailə başçısı idi. O, özündən sonra yalnız elmi əsərlər yox, bir məktəb, bir tələbə nəsli və çoxlu xoş xatirələr qoydu. 2013-cü il mayın 17-də, 94 yaşında vəfat etdi.
Bu gün onun haqqında danışanda illər əvvəl redaksiyada gördüyüm o sadə, mehriban insanla böyük alimin bir adamda necə ahəngdar birləşdiyinə heyrət edirəm. Bəlkə də həqiqi ziyalılıq elə budur: nə qədər çox bilsə, nə qədər böyük işlər görsə də özünü insanlardan üstün tutmamaq bacarığı – daha doğrusu, insan olmaq istedadı. Abdulla müəllim mənim yaddaşımda məhz belə qalıb.
Sədaqət Kərimova