Məməd Qədir - Yazmayacağam
Ölmüşdüm, eşq verib niyə diriltdin,
Könlümdə açıldın, canımda bitdin,
Fırtına tək gəlib, yel kimi getdin,
İndi həsrətinlə diriyəm, sağam, -
Daha sənə şeir yazmayacağam.
Səninçün hər yoxdan var gətirirdim,
Təşnə ürəyinə qar gətirirdim,
Qışda çiçəkləyib bar gətirirdim,
İndi sazaq vurmuş bağçayam, bağam, -
Daha sənə şeir yazmayacağam.
Şəninə bağ əkdim, bostan bağladım,
Neçə kitab yazdım, dastan bağladım,
Gəraylı hıçqırıb, qoşma ağladım,
Nəm çəkib pozulmuş köhnə varağam, -
Daha sənə şeir yazmayacağam.
Aya min söz dedim, sən eşitmədin,
Düşdü saçlarıma dən, eşitmədin,
Bürüdü ömrümü çən, eşitmədin,
Təpədən dırnağa qübaram, dağam, -
Daha sənə şeir yazmayacağam.
Yoluna baxmaqdan gözüm oyuldu,
Çox çökdüm, süründüm, dizim oyuldu,
Ürəyim kəsildi, sevgim soyuldu,
Tapdalanıb sönmüş odam, ocağam,
Daha sənə şeir yazmayacağam,
Səni sevə - sevə unudacağam...