Ələsgər Əlioğlu -= O GECƏ...
O GECƏ...
2020-ci ilin oktytabrında Gəncə raket
atəşinə tutulmuşdu...
Zaman çərtib barmağını
duz bağlasa da,
Gələn qan-qadanı qoymuşdu gözdən...
Neçəsinin əcəli
Qanad çala-çala keçmişdi
uzaq-uzaq dərədən, düzdən...
O gecə
Mənzillər dönmüşdü
Ölüm pətəyinə...
Daşlar-divarlar
həyatın üstə axnamışdı...
Gözəgörünməz qatilin əlləriylə
Ürəklərdəki ümid, inam laxlamışdı...
O gecə
Havanın dizini yerə gətirmişdi
Tüstü qoxusu...
O gecə gözlərində dəfn olunmuşdu
Neçə uşağın,
Neçə ata-ananın yuxusu..
O gecə
Nizami sığmırdı məqbərəsinə,
Şerinin hər sözü, hər hecası diksinmişdi...
Şahə qalxmışdı Cavad xanın qəzəbi,
Qılıncının dəstəyi
əl içi boyda isinmişdi...
O gecə ölüm saçan işıqdan,
Göydəki ulduzlar da fağır olmuşdu.
O gecə Atlantın sərpmişdi beli,
Bircə anın içində
Göyùn ağırlığından
Çiyni yağır olmuşdu!..
11.06.2022